8000-dən artıq tələbə təhsil müəssisəsini və ya ixtisasını dəyişib

- Son 3 ildə
27 Fevral 2020 - 12:23

Təhsil Nazirliyi son 3 ildə təhsil aldığı müəsisəni və ya ixtisası dəyişən tələbələrin sayını açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-nın sorğusuna cavab olaraq bildirib ki, son 3 ildə 8000 nəfərdən artıq tələbə öz istəyinə uyğun olaraq Transfer.edu.az portalı vasitəsiələ ali və ya orta ixtisas təhsil müəssisəsini və ya ixtisasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələrə dair statistika açıqlanıb. Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3083 nəfər müraciət edib. Onlardan 2266 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2668 nəfərdən 1915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir. Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb. Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə 8 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.