Karlos Uriarte: Azərbaycan Prezidenti sülhə və sabitliyə nail olmağın yeni yolu naminə işləməyə qeyd-şərtsiz hazır olduğunu nümayiş etdirib
16 Aprel 2021 - 11:20

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda dialoqun, sülhün və sabitliyin mökəmləndirilməsinə yönəlmiş möhtəşəm təşəbbüslə çıxış edib.

Kral I Xuan Karlos adına Universitetin hüquq professoru, vəkil, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançes bu fikri söyləyib.

Karlos Uriarte xüsusi qeyd edib ki, “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr edilmiş beynəlxalq konfrans kimi təşəbbüslər, heç şübhəsiz, Azərbaycanın öz qonşuları ilə əməkdaşlığa çalışmasının aşkar əlamətidir və Ermənistan ilə Azərbaycan arasında bu yaxınlarda başa çatmış münaqişədən sonrakı dövrdə yaraları sağaltmağa kömək edir. Bu, regionda sabitliyə və sülhə şərait yaradan yeni ümidlər mərhələsinin başlanması deməkdir.

Karlos Uriarte Sançes deyib:

-Bu tədbirin keçirilməsi məkanı kimi məhz Azərbaycan Diplomatik Akademiyasının seçilməsi faktı Azərbaycan Prezidentinin dialoq körpüləri qurmaq istəyini açıq-aşkar ifadə edir.

Tərəflər arasında itirilmiş etimadın bərpa edilməsi son məqsədə nail olmaq üçün mühüm vasitədir. Bununla əlaqədar, Azərbaycan Prezidenti sülhə və sabitliyə nail olmağın yeni yolu naminə işləməyə qeyd-şərtsiz hazır olduğunu nümayiş etdirib. İndi, tərəflər arasında körpü yaratmaq üçün bu pozitiv təklifdən sonra yalnız Ermənistanın hakimiyyət orqanları tərəfindən müsbət reaksiya gözləmək qalır. Buna zidd addımlar atılması məsuliyyətsiz və qeyri-konstruktiv hərəkət olardı.

Ermənistanın xarici işlər nazirinin bu yaxında səsləndirdiyi bəyanatlar qabilindən olan çıxışlar, habelə Ermənistan müxalifətinin seçki kampaniyası dövründə tərəflər arasında nifrət və qisas hissini qızışdıran mövqeyi ümumi gələcək qurmağa kömək etmir, əksinə, münaqişənin təzələnməsinə gətirib çıxara biləcək yeni vəziyyətlər yaradır.

Azərbaycan Prezidenti münaqişədən sonrakı dövrdə reallaşdıracaq müxtəlif layihələr üzərində də dayanıb. O bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Qarabağ ölkə iqtisadiyyatında mühüm rol oynayacaq. Ölkədəki sərmayədarlar bunu çox müsbət bir impuls kimi qiymətləndirməlidirlər.

Nəhayət, qeyd etmək lazımdır ki, münaqişədən sonra yaranmış vəziyyət çox amanabənddir. Buna görə də yuxarıda adı çəkilən konfransın keçirilməsi həqiqətən zəruri və vaxtında görülmüş tədbirdir, çünki həmin konfrans münaqişədən sonrakı dövrdə inkişaf və əməkdaşlıq kimi fundamental məsələlərə həsr edilmişdi. Bu gün Cənubi Qafqazda inkişaf və əməkdaşlıq strategiyasına – Qarabağı dünyanın çiçəklənən və sabitlik hökm sürən regionuna çevirəcək strategiyaya həmişəkindən daha artıq ehtiyac var. Ümidvaram ki, həmin region kütləvi informasiya vasitələrində yenidən müzakirə mövzusuna çevriləndə söhbət yalnız onun gözəlliyi və dünyanın bu hissəsinə səyahət etməyin necə xoşagələn olmasından gedəcək, çünki Dağlıq Qarabağ Şərq ilə Qərbi, Asiya ilə Avropanı birləşdirən məkan olacaq. Kaş belə olsun!