Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş hərbçiləri ilə bağlı tezliklə tribunal keçiriləcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Teleqram” kanalında yazıb.
Onun sözlərinə görə, məhkəmədə Donbasın mülki əhalisini öldürən, zorlayan, məhv edən və qorxu içində saxlayan hərbi cinayətkarlar mühakimə olunacaq: “Məhkəmə iclasının açıq olması vacibdir. Bunu qəbuledilməz hesab edən Ukrayna prezidenti Zelenski istisna olmaqla hamı onu gözləyir. Üstəlik, o, bunu Rusiya ilə danışıqlar məsələsində “son cizgi” adlandırır”.
Volodin hesab edir ki, mülki insanları – qocaları, qadınları, uşaqları bombalamaq, güllələmək və öldürmək əmrini verən məhz Zelenski və onun ətrafı olub: “Buna görə də Zelenski hər şeyi edir ki, tribunal olmasın. Sülh yolu ilə nizamlanmadan imtina etməklə hədələyir. Məhkəmənin baş tutması son dərəcə vacibdir. Dünya ictimaiyyəti Kiyev rejiminin bəşəriyyətə qarşı törətdiyi cinayətlərdən xəbərdar olmalıdır”.
Avqustun 21-də Vladimir Zelenski “Teleqram” kanalında Ukrayna ordusunun əsir düşmüş hərbçilərinin məlum mühakiməsinin qəbuledilməz olduğunu bəyan edən videomüraciət yayıb. O, gözlənilən tribunalı “tamamilə iyrənc və absurd” adlandırıb.
“Onların nə planlaşdırmasından asılı olmayaraq, dövlətimizin reaksiyası birmənalı olacaq. Əgər bu proses baş verərsə, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mərhələyə gətirilərsə, sui-istifadələr olarsa, bu, son cizgi olacaq. Bu, o cizgi olacaq ki, ondan kənarda heç bir danışıqlar mümkün deyil. Daha heç bir danışıq olmayacaq”, – Zelenski bildirib.
O, bu məsələ ilə bağlı mövqeyini Fransa prezidenti Emmanuel Makron və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana çatdırdığını deyib. Ukrayna prezidenti BMT Baş katibi Antonio Quterreşdən də reaksiya gözlədiyini bildirib: “Ukrayna insanların işgəncəsinə dözməyəcək. Onlar öz vətənlərinin qəhrəmanlarıdır, öz xalqının azadlığını müdafiə ediblər. Hətta müharibə zamanı belə, qaydalar olmalıdır”.
Azpost.info
