Adı açıqlanmayan rusiyalı milyarder “Financial Times”a müsahibəsində 2 “Maybach” aldığını, onlardan birini Qərbin sanksiyaları səbəbindən Rusiyada olmayan ehtiyat hissələri üçün sökməyi planlaşdırdığını deyib.
Azpost.info xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan rusiyalı milyarder əvvəlcə “Mercedes” almağa hazırlaşdığını, lakin ala bilmədiyi üçün 2 “Maybach” almaq qərarına gəldiyini açıqlayıb.
“Maşınlardan birinə nəsə olarsa, digərindən lazımi hissələr və ehtiyat hissələri çıxarıla bilər”, – iş adamı bildirib.
Milyarder hesab edir ki, dəbdəbəli mallar Rusiyaya sanksiyalardan asılı olmayaraq, həmişə daxil olacaq. Çünki qaçaqmalçılıqdan potensial gəlir çox yüksəkdir.
Başqa bir oliqarx nəşrə bildirib ki, bu cür çətinliklər 3-4 il davam edəcək, sonra bazar İranda olduğu kimi yeni təchizat zəncirləri və “qara bazar” vasitəsilə oturuşacaq.
Bir müddət əvvəl İran və Rusiya anlaşma memorandumu çərçivəsində avtomobillərin tədarükünə dair razılığa gələrək 300 milyon dollarlıq müqavilə imzalayıblar. Ölkə mindən çox İran avtomobilinin göndərildiyi Venesuelaya da öz istehsalı olan avtomobilləri tədarük etməyə başlayıb.
“İran Khodro” ölkənin ən böyük avtomobil istehsalçısıdır. Onun modellərindən biri artıq Rusiya bazarında peyda olub – “Peugeot 405”in bazasında yaradılmış “Samand”. Ölkədə Fransa və Çin modelləri əsasında başqa avtomobillər də istehsal olunur.
Azpost.info
