C vitamini ilə zəngin kivi qan dövranını yaxşılaşdıran, yorğunluğu aradan qaldıran, həmçinin böyrəkləri toksinlərdən təmizləyib onun funksiyasını yaxşılaşdıran olduqca faydalı bir meyvədir.
Azpost.info xəbər verir ki, bu meyvənin vətəni Çindir. Elmi araşdırmalar zamanı məlum olub ki, insanlar 38 min il əvvəl yabanı kivi yeməyə başlayıblar. İlk vaxtlar turş və çox kiçik meyvələr verən kivini 20-ci əsrin əvvəllərində bir bağban Yeni Zelandiyaya aparıb. O, seleksiya ilə məşğul olub və bir müddət sonra kivilər indi tanıdığımız forma və dada (tüklü, şirin və şirəli) sahib olub.
Kivinin tərkibində aktinidin fermenti var. O, zülalların parçalanmasını təşviq edir, qidanın həzmini asanlaşdırır. Aktinidinə əlavə olaraq, turşular həzmə kömək edir. Çin təbabətində kivi xüsusi olaraq həzmi yaxşılaşdırmaq, həmçinin böyrək daşlarının yaranma ehtimalını azaltmaq üçün istifadə olunur.
Kivinin müntəzəm istehlakı iştahanı artırmağa, piylənməni azaltmağa kömək edir. Əgər iştaha zəifdirsə, həzmsizlik və mədə narahatlığı varsa, kivi şirəsi içmək tövsiyə olunur.
Kividən istifadə edərkən qanın durulaşması müşahidə olunur ki, bu da tromboz riskinin azalması deməkdir. Bu meyvələrin tərkibindəki kalium qan təzyiqini aşağı salır, hipertoniyanı idarə etməyə kömək edir.
Bu meyvə uşaqlar üçün də çox faydalıdır. Bir kividə vitamin və mineralların gündəlik dozası var. O, imuniteti gücləndirir. Soyuq aylarda profilaktik olaraq həftədə 1-2 dəfə yemək tövsiyə olunur. Bundan başqa, kivi əzələlərin inkişafına kömək edir, tərkibindəki B vitaminləri və maqnezium stress əleyhinə təsir göstərir. Lakin bu meyvənin xüsusən uşaqlar üçün güclü allergen olduğunu da unutmamaq lazımdır.
Vaxtından əvvəl yığılmış – yetişməmiş kivilər bananın yanına qoyulsa, tez yetişə bilər.
Kivinin əsas təchizatçıları Çin, İtaliya və Yeni Zelandiyadır.
Azpost.info