Qazaxıstan 106 adda malın Rusiyaya ixracını qadağan edib

Qazaxıstan ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev Moskvaya Ukraynaya qarşı təcavüzünə görə Qərb tərəfindən qoyulmuş sanksiyalara uyğun olaraq 106 adda məhsulun Rusiyaya ixrac edilməsinə qadağan qoyulduğunu deyib.

Nazir müavini bildirib ki, söhbət dronlar, xüsusi elektronika və çiplər də daxil hərbi təyinatlı mallardan gedir və onların Rusiyaya ixrac edilməsi tamamilə qadağan olunub.

K.Torebayev bildirib: “Bu 106 adda mallar Qazaxıstanda istehsal olunmur və bundan əvvəl Qazaxıstandan Rusiyaya təkrar ixrac edilib. Qazaxıstana idxal davam edir, Qazaxıstandan ixrac isə yox. Bu mallar təkcə Qərbdə deyil, başqa ölkələrdə də istehsal olunur”.

Qazaxıstan baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin bundan əvvəl etiraf etmişdi ki, Qazaxıstandan Rusiyaya ikili təyinatlı mallar ixrac olunur.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sentyabr ayında Almaniyaya səfəri zamanı bəyan etmişdi ki, onun ölkəsi Rusiyaya qoyulmuş sanksiyalara tam əməl edəcək.

O Almaniya hökumətini əmin etmişdi ki, sanksiya rejiminin pozulmasına yönəlmiş addımların qarşısı qətiyyətlə alınacaq.

Ötən may ayında “Vajnıye istorii” saytı, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Təşkilatı (OCCRP) və Almaniyanın Der Spiegel jurnalının birgə təhqiqatının hesabatında deyilirdi ki, Rusiya sanksiyalardan yan keçməklə Ukrayna müharibəsi üçün çip və dronları Qazaxıstan vasitəsilə alır.

Qazaxıstan hökuməti bildirib ki, Rusiyaya hərbi təyinatlı malların ixracı 2022-ci ilin mayından dayandırılıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.