“Zəngəzur dəhlizi üzərində siyasi mübarizə kəskinləşir” –POLİTOLOQ

Rusiya Ermənistanda yeni baş konsulluq açacaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib. Onun sözlərinə görə, konsulluq Zəngəzurda – Qafanda açılacaq.

Qeyd edək ki, bu konsulluq Rusiyanın Ermənistanda Gümrüdən sonra ikinci baş konsulluğu olacaq. Konsulluğun açılışı ilə bağlı konkret tarix açıqlanmayıb.

Məsələyə münasibət bildirən siyasi şərhçi Tural Əliyev Azpost.info-ya deyib ki, Ermənistanın cənubunda Rusiyanın növbəti diplomatik nümayəndəlik açmaq niyyəti Moskvanın regional maraqlarından irəli gəlir: “Nəzərə almaq lazımdır ki, Qafan şəhəri açılacaq nəqliyyat-kommunikasiya qovşaqlarının mərkəzində yerləşir. Rusiya gələcəkdə Cənubi Qafqaz üzərində nəqliyyat və iqtisadi kommunikasiyalara birbaşa nəzarət etmək niyyətindədir. Qafanda nə qədər Rusiya vətəndaşı yaşayır ki, baş konsulluğu da olsun?! Gümrüdə baş konsulluğunun olması hardasa, normaldır. Çünki Gümrü şəhərində Rusiyanın hərbi bazası var”.

“Baş konsulluq açmaqla Rusiya Ermənistanda daha da möhkəmlənmək niyyətindədir. Və dediyim kimi, gələcəkdə açılacaq nəqliyyat-kommunikasiyalara Ermənistan ərazisində nəzarət etmək məqsədi güdür. Görünən odur ki, Zəngəzur dəhlizi üzərində siyasi mübarizə kəskinləşir. Nəzərə almaq lazımdır ki, İran da Qafanda konsulluq açdı. Belə anlaşılır ki, maraqlı dövlətlər nəqliyyat-kommunikasiyalara nəzarəti Qafandakı konsulluq üzərindən həyata keçirmək istəyirlər”.

“Məlumdur ki, Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə Rusiya hərbçiləri nəzarət edəcəklər. Qafanda diplomatik nümayəndəlik açmaq istəkləri də məhz bununla bağlıdır”, – politoloq bildirib.

Anar ABDULLA

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.