Bir sıra ölkələrdə, o cümlədən ABŞ-da demokratik institutlara və ümumilikdə demokratiyaya inam böhranı müşahidə olunur.
Azpost.info bildirir ki, bu barədə “Reuters” agentliyi Stokholmda yerləşən Demokratiya və Seçkilərə Yardım üzrə Beynəlxalq İnstitutun (IDEA) hesabatına istinadən məlumat yayıb.
İDEA 2023-cü ilin iyul ayından 2024-cü ilin yanvar ayına qədər təxminən 1500 nəfər arasında sorğu aparıb. Araşdırma ABŞ və Hindistan da daxil olmaqla 19 ölkədən 11-də seçicilərin yarısından azının son seçkilərin azad və ədalətli olduğuna inandığını müəyyən edib.
Bununla belə, yalnız Danimarka sakinləri öz məhkəmə sisteminə yüksək inam səviyyəsini qeyd ediblər. Sorğular göstərib ki, ABŞ-da respondentlərin yalnız 47%-i ölkədə seçki prosesinə etimad etdiyini vurğulayıb.
Hesabatda həmçinin deyilir ki, “güclü lider” ideyasını dəstəkləyənlərin sayı artıb. IDEA-nın baş direktoru buna görə də demokratik ölkələri idarəetməni təkmilləşdirmək, etibarlı seçkilərlə bağlı saxta ittihamları təbliğ edən feyk məlumatlarla mübarizə aparmaqla öz əhalisinin skeptisizminə cavab verməyə çağırıb.
Demokratik təsisatlara inamın azalması xüsusilə Avropa ölkələrində sağ partiyaların və liderlərin mövqelərinin güclənməsi fonunda baş verir. 2022-ci ildən İtaliya, İspaniya, Hollandiya və Slovakiyada keçirilən parlament seçkilərində belə partiyalar qalib gəlib.