“Səfirlərin Xarici İşlər Nazirliyinə dəvət olunması, müxtəlif görüşlərin keçirilməsi, mövqelərin mübadiləsi normal diplomatik praktikadır”.
AzPost bildirir ki, bu sözləri Teleqraf.com-a Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyadakı səfirimiz Rəhman Mustafayevin bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasının səfiri Mixail Yevdokimov da Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və rəsmi Bakının müxtəlif məsələlər üzrə, həmçinin əsas müzakirə mövzusu olan məsələ (təyyarə qəzası – red.) barədə mövqeyi çatdırılıb.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yanvarın 27-də Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.