Rusiyadan oğluna 1 kiloqram gümüş hədiyyə gətirən azərbaycanlı saxlanılıb

Rusiyada gömrük orqanları 1 kiloqram gümüşü Azərbaycana aparmaq istəyən şəxsi saxlayıb.

AzPost bildirir ki, Elşad adlı Azərbaycan vətəndaşı Tümendən vətənə geri qayıdarkən hava limanında yoxlanış zamanı gümüş külçə aşkar edilib.

Tümen məhkəməsi Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə (müəyyən edilmiş formada gömrük bəyannaməsi edilməli olan malların bəyan edilməməsi) inzibati xəta haqqında işə baxıb.

Məhkəmə müəyyən edib ki, 2024-cü ilin noyabr ayında Tümendən Bakıya beynəlxalq reyslə gələn Elşad Q. Tümen Gömrük İdarəsinin Roşçino Hava Limanının gömrük postunda yoxlanış zamanı baqajda – 1000 qram çəkidə 1 ədəd gümüş külçə aşkar edilib. Bununla da Avrasiya İqtisadi İttifaqının Gömrük Məcəlləsinin tələbləri pozulub.

Məhkəmə iclasında həmin şəxs bildirib ki, o, analoji əşyalardan kolleksiya yığan oğluna hədiyyə etmək üçün gömrük sərhədindən gümüş külçə keçirib. Külçə bir gün əvvəl Tümen şəhərində alınıb. O, gömrük bəyannaməsi təqdim etmək öhdəliyindən xəbərsiz olduğunu bildirib.

İşin halları nəzərə alınaraq, Elşad Q. inzibati xəta törətməkdə təqsirli bilinərək, ona inzibati xətanın predmeti (gümüş külçə) müsadirə edilməsi ilə bağlı inzibati tənbeh tətbiq edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.