“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq”-Masallıdakı amansız qətlin detalları

Qətl
Qətl

Masallı rayonunun Şıxlar kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı sensasion təfərrüatlar üzə çıxıb. Qətli törədən şəxs anlaqsız imiş. Mərhumun ailəsi isə bununla razılaşmır. Qətlin illər əvvəlki hadisənin qisası olaraq törədildiyi məlum olub.

Musavat.com xəbər verir ki, 2024-cü ilin may ayında Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanov həmkəndlisi 1994-cü il təvəllüdlü Aslan Ağazadə tərəfindən amansızlıqla qətlə yetirilib. Əvvəlcə “Vinçestr” markalı silahla ona bir dəfə atəş açıb. Sonra isə bıçaqla çoxsaylı zərbələr endirib.

Qətlin törədilməsinin səbəbi…

İstintaq müəyyən edib ki, illər əvvəl Seymur Aslanın əmisini Rusiyada bıçaqlayıbmış. Aslan Seymurun əmisinin keçmiş arvadı ilə münasibətdə olmasını da öyrəndikdən sonra qisas almaq qərarına gəlib. Buna görə də Seymuru öldürüb.

Məlum olub ki, Seymur illər əvvəl Şəmsiyyə adlı qızı sevib. Seymur əsgərliyə gedərkən Aslanın Cabir adlı əmisi Şəmsiyyəni qaçıraraq onunla ailə həyatı qurub. Əsgərlikdən gələndə bunu öyrənən Seymur Rusiyaya gedib və orada yaşamağa başlayıb. Seymur da Rusiyada evlənib. İllər sonra Şəmsiyyə boşanaraq qızları ilə birlikdə Masallıda yaşamağa başlayıb. Bundan sonra Seymurla Şəmsiyyə danışmağa, yenidən ailə həyatı qurmağa qərar veriblər. Hətta Seymur Şəmsiyyəni qardaşından istəmək üçün Masallıya gəlibmiş. Qətl hadisəsi də həmin ərəfədə baş verib.

Qətli törədən Aslan anlaqsızdır?

 

Aslan istintaqda dindirilən zaman qətllə bağlı danışıb. Lakin məhkəmədə özünü “peyğəmbər” elan edərək baş verənləri ikar edib.

Aslanın məhkəmədəki ifadəsindən sitat: “Mən Seymuru öldürməmişəm. Seymuru tanımıram. Siqaret istəyirəm. Mən İmam Zaman ağayam. Zühur edəcəm və 313 nəfər yığaraq Azərbaycana gələcəm. Mən peyğəmbər kimi adamam. Mənə inanmayan peşman olacaq. Mən bura gələnə qədər göylərdə yaşayırdım. Tufan olacaq, hər yer dağılacaq. Bir mən qalacam”.

Anlaqsız vəziyyətdə olduğu deyilən Aslanın istintaq zamanı dedikləri isə məlum olmayan təfərrüatları üzə çıxarıb.

Aslan istintaqdakı ifadəsində deyib ki, Seymuru əmisini bıçaqladığı üçün öldürmək qərarına gəlib. Sonra da Seymurun əmisinin keçmiş arvadı ilə müansibəti olduğunu öyrənib. Uzun müddət Seymuru axtarıb. Seymur həmin ərəfədə Rusiyada narkotik ittihamı ilə həbs edilib. Rusiya-Ukrayna müharibəsində könüllü iştirak etmək istədiyi üçün azadlığa buraxılıb. Müharibədən sağ qayıdaraq Azərbaycana gəlib. Aslan Seymurun Masallıya gəldiyini öyrənərək onu izləməyə başlayıb. İlk dəfə Seymuru bacısının yanında görsə də öldürməyib. Seymuru tək tutmaq üçün izləməkdə davm edib. Həmin ərəfədə bibisinin evində olan odlu silahı da götürüb. Həmin silahla da Seymuru qətlə yetirib.

“Anlaqsız adam bir ay Seymuru necə izləyib?”

Mərhuun qardaşı isə Aslanın anlaqsız vəziyyətdə olması ilə razılaşmır. Bildirir ki, qətli törədən şəxsə xəstəlik kağızını külli miqdarda rüşvət verərək alıblar.

Hüquqi varis hadisələrin gedişatını belə danışıb: “Qardaşım Seymur 15-16 yaşından Şəmsiyyəni sevirdi. Anam Şəmsiyyəyə elçi də getmişdi, “hərisin” də almışdı. Şəmsiyyə subay vaxtı qardaşım Seymurun sözlüsü olub. Seymur əsgər gedəndə Aslanın əmisi Cabir Nuriyev Şəmsiyyəni qaçırdı. Baxmayaraq ki, Cabir Seymurla yaxın dost idi. Seymur əsgərlikdən gələndən sonra heç kimə heç nə demədi və Rusiyaya getdi. Seymur Rusiyada taksi sürücüsü işləyirdi. Rusiyaya gedən Cabir də orada taksi sürücüsü işləyirdi. Rusiyada Seymurla Cabir rastlaşıblar. Mübahisə vaxtı qardaşım Cabiri vurub. Buna görə qardaşım Seymura Rusiyada 14 il cəza aldı. Ukrayna-Rusiya müharibəsi başlayanda Seymur müharibəyə getdi. Buna görə də həbsdən azad olundu. Müharibədən sağ-salamat evlərinə qayıtdı. Anam xəstə olduğundan Seymur onu görmək üçün müharibəyə getməyə razılaşmışdı.

Seymur rayona gələndə Cabirin qardaşı Qabil ona zəng eləmişdi. Qardaşıma demişdi ki, Şəmsiyyəyə yaxın getsə, onu öldürəcəklər. Seymur da demişdi ki, Şəmsiyyə neçə ildir onun qardaşından boşanıb. Seymuru aldadaraq çay içməyə çağırıblar. Orada da öldürüblər”.

Mərhumun qardaşı Aslanın anlaqısz olması ilə razılaşmır:

“Anlaqsız adam bir ay Seymuru necə izləyib? Anlaqsız olduğu deyilən adam Bakıda “Nur çörək” zavodunda sürücü işləyib. Başqa işdə də işləyib. Varlıların balaların məktəbə aparıb-gətirib. O vaxtlar Aslan anlaqsız olmayıb, amma indi anlaqsızdır? Aslanın adamları ekspertə yaxşı pul veriblər ki, anlaqsız etsinlər. Hər yerə şikayət etmişəm”.

Məhkəmədə şahid qismində Şəmsiyyə də dindirilib. Bildirib ki, 15-16 yaşından Semur Alışanovla istəkli olublar. Seymurun anası onu valideynlərindən istəyib, “hərisin” də alıbmış:

“Seymur əsgər getdi. Seymur gələnə qədər onun yaxın dostu olan Cabir məni qaçırdı. Cabirə onu istəmədiyimi dedim. Bu evlilikdən iki qızım oldu. Qızlarımın 25-26 yaşları var. 15 ildir Cabirdən ayrılmışam. Onunla heç rəsmi nikaha da girmədim. Mənim evimi də atam tikib, atam imkanlı kişi olub. Evimin tikilməsində Cabirin bir manatı da olmayıb. Şəxsi fermam, biznesim var. Qızlarımı da özüm ərə vermişəm. Seymurun türmədən çıxıb gəldiyini eşitdim. Seymur məni qardaşımdan istəyəcəkdi, evlənəcəkdik. Seymur mənim namusumu qoruyan olub. Adıma söz çıxarılmasına imkan verməyib. Hadisədən əvvəl Cabirin qardaşı Qabil mənə zəng edib Seymurla evlənməməyimi dedi. Mən də öz həyatım olduğunu dedim. Qabil dedi ki, kimə ərə gedirsən get, amma Seymura ərə getmə”.

“Aslanı tanıyandan sağlam olub”

Şəmsiyyə də ifadəsində bildirib ki, Aslanın anlaqsız olduğuna inamadığını bidlirib: “Aslan kənddə maşın da sürürdü. Ağlı da başında olub. Aslanın Seymuru güdməsindən xəbərsiz olmuşam. Qızımın biri onlarda ərdədir. Aslanı tanıyandan sağlam olub”.

Məhkəmə istintaqı zamanı məlum olub ki, daha əvvəllər Aslan psixiatriya xəstəxanasında qeydiyyatda olmayıb.

Lakin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 29 may 2024-cü il tarixli arayışından görünür ki, Aslan hərbi xidmətə çağırılan zaman psixiatrik tibbi müayinədən keçib. İki gün orada stasionar müayinədə olub. Aparılan psixiatrik müayinələrə əsasən ona F60.3 “Emosional davamsız tip şəxsiyyət pozuntusu” diaqnozu təyin edilib. “Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 10 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Aslan ittiham olunan əməli törədən zaman “İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu”ndan əziyyət çəkib. Qeyd olunan psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olub.

Məhkəmə istintaqı zamanı təkrar ekspertiza da təyin edilib və Aslanın anlaqsız olması qənaətinə gəlinib.

Aslan məhkəmənin qərarı ilə anlaqısz olması səbəbindən cəzadan azad edilib və məcburi müalicə təyin edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.