“Azər-Türk Bank”ın rəhbər şəxsləri 2024-cü ildə ümumilikdə 1 milyon 449 min manat gəlir əldə ediblər.
Məlumatda qeyd olunur ki, bu göstərici 2023-cü illə müqayisədə 42,3% və ya 431 min manat artım deməkdir. Belə ki, ötən il bank rəhbərliyinə ümumilikdə 1 milyon 18 min manat məbləğində vəsait ödənilmişdi.
Bankın hesabatına əsasən, rəhbər şəxslərə edilən ödənişlər, işçi heyətinə ayrılan ümumi vəsaitin 4,9%-ni təşkil edib. Bu məbləğin içərisində İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinə aid əməkhaqları və sosial ödənişlər yer alır.
2024-cü ildə rəhbərliyin sosial ödənişlər üçün aldığı məbləğ 261 min manat olub. Qeyd edək ki, bu rəqəm 2023-cü ilin göstəricisindən 30,5% artıqdır.
Əməkhaqqı hissəsi isə daha yüksək olub — 1 milyon 188 min manat. Müqayisə üçün, 2023-cü ildə bu rəqəm 818 min manat təşkil edirdi. Yəni bank rəhbərliyinin əməkhaqqı son bir ildə 45,2% artıb.
Hazırda bankın rəhbərliyində 8 nəfər fəaliyyət göstərir. Bunlar Müşahidə Şurasının sədri Ruslan Əlixanov, üzvlər Günel Nəbiyeva və Pərvin Manafov, İdarə Heyətinin sədri Orxan Hüseynov, həmçinin İH üzvləri İslam Musayev, Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərovdur.
Hesablama göstərir ki, 2024-cü ildə rəhbərlikdə təmsil olunan hər bir şəxsin orta illik gəliri 181 min manat olub. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 102,3 min manat idi.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə təsis edilib. Hazırda bankın nizamnamə kapitalı 79 milyon manat təşkil edir. Bank səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,4%-i Türkiyənin “Ziraat Bank”ına, 1,1%-i “Ziraat Bank International”a, 6,5%-i “AzRe Təkrarsığorta”ya, 5%-i isə “Qala Həyat Sığorta”ya məxsusdur.
© Valyuta.az