Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi Həcc mərasimi zamanı icazəsiz ziyarətlərin qarşısını almaq məqsədilə genişmiqyaslı yoxlamalar həyata keçirib. AzPost xəbər verir ki, nazirliyin məlumatına görə, Həcc qaydalarını pozan yetmiş beş mindən çox şəxs geri göndərilib.
Səudiyyə rəsmi xəbər agentliyi SPA yazır ki, İctimai Təhlükəsizlik Müdiri, general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib. Onun sözlərinə görə, yaşayış icazəsi olsa da, Həcc üçün xüsusi icazəsi olmayan təxminən iki yüz yetmiş min nəfər şəhərə buraxılmayıb.
Əl-Bəssami həmçinin əlavə edib ki, yoxlamalar zamanı iki yüz əlli iki saxta Həcc təşkilatı, min iki yüz otuz doqquz qeyri-qanuni daşıyıcı və yüz doqquz mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyi bu il Həcc ziyarətində təhlükəsizliyin təmin olunması üçün pilotsuz uçuş aparatları, süni intellekt dəstəyi ilə işləyən analiz sistemləri və müşahidə kameraları kimi yüksək texnologiyalı vasitələrin tətbiq olunduğunu da qeyd edib.