Yeni təkər bazarında yanğın oldu- VİDEO

Yanğın
Yanğın

Bakıda daha bir yanğın hadisəsi baş verib. AzPost xəbər verir ki, hadisə Nizami rayonu, Babək prospektində yerləşən “Yeni Təkər Bazarı”nda qeydə alınıb. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “112” qaynar xəttinə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik mağazalarda baş verdiyi və küləkli hava səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin peşəkar və operativ müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın ümumi sahəsi 200 kv.m. olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasında və 5 kv.m. sahədə yerləşən gözətçi köşkündə qeydə alınıb. Hadisə zamanı yaxınlıqdakı digər obyektlər və park edilmiş avtomobillər yanğından mühafizə olunub.

FHN yanğınla əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırıb. Xüsusilə hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması tövsiyə edilib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının dəqiq səbəbi və dəymiş maddi ziyan araşdırılır.

📹 Hadisə yerindən görüntüləri təqdim edirik:

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.