“Yeni Klinika” 10,6 milyonluq testləri deputata bağlı şirkətdən alacaq

Yeni Klinika
Yeni Klinika

Bakıda fəaliyyət göstərən “Yeni Klinika” tibb müəssisəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin alınmasına 10,6 milyon manatdan artıq vəsait xərclənəcək. AzPost xəbər verir ki, sözügedən testlərin satınalması üçün dövlət tenderi keçirilib və qalib kimi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Artıq bu məqsədlə “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ilə müqavilə də imzalanıb.

Maraqlıdır ki, tender qalibi olan “Azəri Med” şirkəti bir sıra hüquqi problemlərlə də gündəmə gəlib. Məlumatlara görə, şirkət ötən illərdə gömrük qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib. Dövlət Gömrük Komitəsi tərəfindən şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib olunub və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 500 manat cərimə tətbiq edilib.

“Azəri Med” QSC ölkədə əsas tibbi tədarükçülərdən biri hesab olunur. Şirkət beynəlxalq farmasevtika və tibbi avadanlıq istehsalçıları ilə əməkdaşlıq edir. Roche Diagnostics, Pfizer, Novartis, Medtronic, Sanofi kimi dünya brendlərinin məhsullarının idxalı və satışını həyata keçirir. Bununla yanaşı, apteklər və xəstəxanalarla sıx işbirliyi quraraq, tibbi məhsulların təminatını təşkil edir.

Bundan əlavə, mətbuatda yayılan məlumatlara əsasən, “Azəri Med” QSC-nin rəsmi təmsilçisi Famil Rəhimli olsa da, şirkətin faktiki olaraq Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu iddia edilir. Bu barədə yayılan xəbərlər qarşı tərəf tərəfindən nə təkzib, nə də təsdiq edilib.

Qeyd edək ki, bu, dövlət sifarişi ilə şirkətin icra etdiyi ilk iri məbləğli tender deyil. Bundan öncə də “Azəri Med” müxtəlif dövlət qurumlarına tibbi məhsulların tədarükünü həyata keçirib. Yeni bağlanan müqavilə çərçivəsində isə şirkət “Yeni Klinika”ya laboratoriya testlərini çatdıracaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.