Sadə qidalanma qaraciyəri qoruyur və şəkəri azaldır –Alimlərdən mühüm açıqlama

İsveçin Uppsala Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma göstərib ki, liflə zəngin və doymuş yağlarla kasad olan skandinaviya (nordik) pəhrizi qaraciyərin zədələnməsini azalda, eyni zamanda qanda şəkərin səviyyəsini nəzarətdə saxlaya bilir.

AzPost xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu Nature Communications elmi jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 2-ci tip şəkərli diabeti olan və ya prediyabet mərhələsində olan 150 nəfər könüllü iştirak edib. İştirakçılar bir il müddətində üç fərqli qidalanma rejiminə bölünüb və mütəmadi tibbi müşahidə altında saxlanılıb. Alimlər qanda qlükoza səviyyəsini, insulin həssaslığını və qaraciyərdə yağ yığılmasını xüsusi analizlərlə ölçüblər.

Araşdırma zamanı ən yaxşı nəticə məhz nordik pəhriz tətbiq edən qrupda qeydə alınıb. Bu pəhriz əsasən tam taxıllar, balıq məhsulları, giləmeyvələr, tərəvəzlər və bitki mənşəli qidalar üzərində qurulub, doymuş yağların istifadəsi isə minimuma endirilib. Nəticələrə görə, bu qrupda qaraciyərdəki yağ yığılması 20 faizdən çox azalıb. Bununla yanaşı, qan şəkərinin səviyyəsində də nəzərəçarpacaq dərəcədə yaxşılaşma müşahidə olunub.

Alimlərin diqqət çəkdiyi mühüm məqamlardan biri isə qeyri-alkoqollu piylənmiş qaraciyər xəstəliyi ilə bağlıdır. Tədqiqatda iştirak edənlərin yarıdan çoxunda bu xəstəliyin əlamətləri tamamilə aradan qalxıb. Mütəxəssislər bildirirlər ki, bu göstərici pəhrizin yalnız qısa müddətli deyil, uzunmüddətli sağlamlıq üçün də effektiv olduğunu sübut edir.

Tədqiqat müəlliflərinin fikrincə, skandinaviya pəhrizi diabetin fəsadlarının azalması və qaraciyərin qorunması üçün praktik və davamlı yanaşma ola bilər. Onlar bu qidalanma modelinin dərman müalicəsini tam əvəz etməsə də, risklərin azaldılmasında mühüm rol oynaya biləcəyini vurğulayırlar.

Qeyd edək ki, bundan əvvəl Kembric Universiteti və Karolinska İnstitutunun alimləri tərəfindən aparılan genişmiqyaslı genetik araşdırma da alkoqolun bəzi xəstəliklərlə əlaqəsi barədə mövcud yanaşmaları yenidən müzakirə mövzusuna çevirmişdi. Bu isə sağlam həyat tərzi və düzgün qidalanmanın əhəmiyyətini bir daha gündəmə gətirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.