Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə son hadisələri müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.

Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.