ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A tipli qırıcı təyyarə Yaponiya sahilləri yaxınlığında uçuş zamanı qəza siqnalı göndərdikdən sonra radar ekranlarından itib. AzPost bildirir ki, hadisə barədə məlumat Flightradar24 xidmətinin açıq məlumatlarına əsasən yayılıb.
Bildirilir ki, qırıcı Yaponiya dənizinin şimal hissəsindən uçaraq Aomori prefekturası üzərindən keçib və daha sonra şimal-şərq istiqamətində hərəkət edib. Moskva vaxtı ilə saat 06:09 radələrində təyyarənin radarla əlaqəsi kəsilib.
Flightradar24 məlumatına görə, təyyarə yoxa çıxmazdan əvvəl 7700 kodlu beynəlxalq qəza siqnalı göndərib. Bu kod aviasiyada fövqəladə vəziyyətin yarandığını göstərir.
Hadisənin baş verdiyi ərazi Yaponiya sahillərinə yaxın olub. Qırıcının taleyi, pilotun vəziyyəti və mümkün qəza səbəbləri ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.
Qeyd edək ki, F-35A Lightning II modeli 2016-cı ildən ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasındadır. Bu tip qırıcı həm hava, həm də yerüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub və B61-12 tipli nüvə bombalarını da daşımaq imkanına malikdir.