“”Azəriqaz”ın xərcləri, yığımı barədə saytında nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur“.
AzPost bildirir ki, bu barədə tanınmış neft üzrə ekspert İlham Şaban qaz limitləri barədə prosesi şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, “Azəriqaz” İB 2009-cu ildə SOCAR-a ona görə birləşdirildi ki, hökumət 17 il ərzində bu qurumun fəaliyyətində hansısa dönüş edə bilmədi: “Daim borc içində idi. Hökumət də bir neçə ildən bir onun borclarını silsə də, yenidən yaranırdı. Axırda qərara gəldi ki, həllin yolu onu elə qaz istehsalçısı ilə birləşdirməkdir. Bəs indi vəziyyət necədir? 16 il yarımdır ki, SOCAR-ın çətiri altında özünü necə hiss edir? Xərci yığdığını ödəyirmi? Bunu sözün düzü bilmirəm. Çünki bu haqda saytında hansısa nə məlumat, nə hesabat və yaxud qaz təsərrüfatına dair beynəlxalq və ya yerli auditin rəyi yoxdur”.
İ.Şaban deyib ki, qurumun rəsmi səhifəsində heç qaz statistikasına dair də məlumat yoxdur: “Rüb və il ərzində nə qədər əmtəəlik qaz alıb, qazın ən çox istehlak olunan və az işlədilən dövrləri, istehlakçı qrupları üzrə cəmi sərfiyyat və sair. Həmçinin texniki itkilər harda yaranır? (əsas hissəsi, niyə bu qədər itiririk, düzəltmək üçün əncam çkiləsi nə qədər pul-parə lazımdır). Heç nə yoxdur”.
Ekspert bildirib ki, bunun əvəzində mediada yalnız “filan yerdə qaz kəsiləcək” başlıqlı xəbərdarlıq elanları var.
İ.Şaban qeyd edib ki, qiymətin ədalətli olması istənilən biznesdə vacib məsələdir və biznesin böyüməsinə yol açan amillərdən əsasıdır.
“Azərbaycanın daxili bazarında qaz qiymətləri əhali istehlakçıları arasında qeyri-bərabər münasibətləri qabardır. Qazın əhali qrupu üçün əsas funksiyası nədir? Qaz ilk növbədə qızınmaq mənbəyi rolunu oynayır. Bu isə öz növbəsində sağlamlığa və gigiyenik mükəmməlliyə yol açır. İndi baxaq görək, əhali qızınmaq üçün qazdan necə istifadə edir: dağ rayonlarında qızınmaq mövsümü 8-9 ay çəkir. Kəlbəcər, Daşkəsən, Gədəbəy kimi yerlərdə avqustda gecələr adamın dağ sərinliyindən dişi-dişinə dəyən günlər olur. Aran bölgəsində yaşayanın isə isinməyə 3-4 ay ehtiyacı olur. Canı qızmayan adama ƏDV yaradan məhsuldar qüvvə kimi baxmaq olarmı? Olar, amma onun məhsuldarlığı da aldığı enerji (isinməsi) qədər olacaq. Ona görə də hökumət təbii qazın daxili bazardakı roluna, qiymətinə və istehlak coğrafiyasına kompleks və iqtisadi yaradıcılıq prizmasından yanaşmalıdır”-deyə İlham Şaban vurğulayıb.
