ABŞ prezidenti Donald Tramp Norveçin baş naziri Yonas Störeyə ünvanladığı məktubda ABŞ-ın Qrenlandiya ilə bağlı planlarının ona Nobel Sülh Mükafatının verilməməsi ilə izah olunduğunu bildirib.
AzPost xəbər verir ki, Tramp məktubunda qeyd edib ki, Norveç ona guya “8 müharibənin qarşısını aldığına görə” Nobel mükafatını verməkdən imtina edib və buna görə də o, “yalnız sülh haqqında düşünmək öhdəliyində olmadığını” hesab edir.
ABŞ prezidenti eyni zamanda Danimarkanın Qrenlandiya üzərində mülkiyyət hüququna malik olmadığını düşündüyünü də bildirib.
Donald Tramp bundan əvvəl dəfələrlə bəyan edib ki, Vaşinqton təhlükəsizlik maraqları baxımından Qrenlandiyanı ABŞ-a birləşdirmək niyyətindədir. Danimarka, Qrenlandiya və digər ölkələrin siyasətçiləri isə Trampın bu cür açıqlamalarını tənqid ediblər.
Yanvarın 15-də bir sıra Avropa ölkələri Qrenlandiyaya hərbçilər göndərib. Bundan sonra Tramp Danimarka və onu dəstəkləyən ölkələrə qarşı əvvəlcə 10 faiz, daha sonra isə 25 faizə qədər artırılacaq gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan edib. Bildirilib ki, bu rüsumlar ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılaşma əldə olunana qədər ləğv edilməyəcək.