Sosial şəbəkələrdə Leobank kartları ilə bağlı keşbek problemləri müzakirə olunub. AzPost xəbər verir ki, bir sıra istifadəçilər seçdikləri kateqoriyalara uyğun alış-veriş etmələrinə baxmayaraq, keşbekin hesablarına köçürülmədiyini bildiriblər.
İstifadəçi Aygün Qasımova qeyd edib ki, Leobank tətbiqində “Buta aptekləri” kateqoriyasını seçməsinə baxmayaraq, həmin aptekdən 106 manatlıq dərman alıb, lakin keşbek əldə edə bilməyib. Onun sözlərinə görə, qəbzdə aptekin “Vita aptekləri” kimi göstərilməsi səbəbindən keşbek hesablanmayıb. Ertəsi gün eyni aptekdə Birbank kartı ilə alış-veriş etdikdə isə keşbek problemsiz şəkildə hesabına köçürülüb.
Oxşar vəziyyətlə Azada Mirzaliyeva da qarşılaşıb. O bildirib ki, Leobankda “məktəb ləvazimatları” kateqoriyasını seçərək kitab və dəftər alıb, lakin keşbek əldə etməyib. Bankdan ona bildirilib ki, alış-veriş edilən yer kitab mağazası kimi tanınmayıb. Halbuki eyni mağazada Birbank kartı ilə alış-veriş etdikdə keşbek dərhal hesabına yüklənib.
Mövzu ilə bağlı Leobank da açıqlama yayıb. Bankdan bildirilib ki, hər bir satış nöqtəsinin öz MCC kodu mövcuddur və bu kod ödənişin hansı kateqoriyaya aid olduğunu müəyyənləşdirir. Açıqlamada qeyd olunur ki, əgər MCC kod “Buta və Aloe” aptekləri kimi qeydiyyatda deyilsə, bu halda keşbek yüklənməyə bilər. Bank müştərilərdən məsələni araşdırmaq üçün alış-veriş məlumatlarını info@leobank.az elektron poçt ünvanına göndərməyi xahiş edib.
Məsələnin mahiyyətinə toxunan istifadəçilər isə bildirirlər ki, problem bankdan çox, satış nöqtələrində istifadə olunan ödəniş qurğuları ilə bağlıdır. Belə ki, bəzi apteklərdə eyni vaxtda bir neçə aptek şəbəkəsinə və ya banka aid ödəniş qurğuları istifadə olunur. Nəticədə alış-veriş düzgün MCC kodu ilə tanınmır və keşbek sistemə düşmür.
Mütəxəssislər hesab edirlər ki, bu kimi hallarda məsuliyyət təkcə bankın üzərində deyil. Satış nöqtələri ödəniş qurğularının düzgün qeydiyyatına və istifadəsinə nəzarət etməli, banklar isə müştəriləri MCC kodları və keşbek şərtləri barədə daha aydın məlumatlandırmalıdır. Əks halda, istifadəçilər üçün anlaşılmazlıq yaranır və keşbek kampaniyalarına inam azalır.
İstehlakçılara tövsiyə olunur ki, alış-veriş zamanı istifadə edilən ödəniş qurğusunun hansı banka və hansı satış nöqtəsinə aid olduğunu əvvəlcədən dəqiqləşdirsinlər.