Trendyol və PAŞA “Holding”in təşəbbüsü ilə  12 mindən çox ağac əkilib

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol “PAŞA Holding”lə birlikdə ölkə ərazisində həyata keçirdiyi genişmiqyaslı ağacəkmə kampaniyasının ikinci mərhələsini uğurla yekunlaşdırıb.

Bu təşəbbüs hər iki şirkətin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətində davamlı fəaliyyətinin bir hissəsidir. Layihə çərçivəsində ötən il ərzində respublikanın bir sıra bölgələrində ardıcıl şəkildə yaşıllaşdırma işləri aparılıb. Kampaniyanın birinci mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

İkinci mərhələdə isə, Bərdə, Ağcabədi, Zaqatala, Zərdab və Ağdaş rayonlarında aparılan meşəbərpa işləri çərçivəsində 3 hektardan böyük ərazidə, Lerik rayonunda 1.2 hektar, Qax və Quba rayonlarında  ümumilikdə 2 hektar sahədə  yaşıllaşdırma işləri davam etdirilib.

Sonrakı mərhələdə Şəmkir, Xaçmaz, Sabirabad, Şabran, Lerik, Masallı, Qax, Tovuz, Yevlax, Şirvan, Şabran, Xaçmaz, İsmayıllı,  Zaqatala, Ağcabədi, Goranboy, Masallı, Qubadlı, Daşkəsən və Qəbələ rayonlarında aparılan meşəbərpa tədbirləri nəticəsində 8 hektar ərazidə 3000-nə yaxın ağac əkilib.

Sabirabad, Ağcabədi, Daşkəsən, Qobustan, Lerik, Astara, Zaqatala, Şəki, Şəmkir, Tovuz Oğuz, Quba, Gədəbəy, Lənkəran, Şəmkir, Göygöl, Ağcabədi rayonlarında aparılan yaşıllaşdırma tədbirləri  isə 5 hektardan çox ərazini əhatə edib.

Beləliklə, Trendyol və PAŞA “Holding”in təşəbbüsü və EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə, kampaniya çərçivəsində ümumilikdə, 20 hektara yaxın ərazidə 12.500 ağac əkilib.

Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə Trendyol və “PAŞA Holding”in korporativ sosial məsuliyyət strategiyasının bir hissəsini təşkil edir.

Trendyol fəaliyyət göstərdiyi ölkələrdə “Birlikdə Transformasiya” şüarı altında sosial və ekoloji təsiri artıran təşəbbüsləri dəstəkləyir, daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.