Ukrayna noyabrın 11-nə keçən gecə Rusiyanın Leninqrad vilayətinə 150 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hücumun əsas hədəfi Baltik dənizi sahilində yerləşən Ust-Luqa limanı olub. Nəticədə limanda yanğın baş verib, üç nəfər xəsarət alıb.
Azpost.info bildirir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, hücum Kinqisepp rayonundakı liman zonasına yönəlib. Bir neçə dronun hədəfə dəyməsi nəticəsində yanğın başlayıb. Xəsarət alan üç liman əməkdaşının həyatına təhlükə yoxdur. Hadisə şahidlərinin yaydığı görüntülərdə liman ərazisində genişmiqyaslı yanğın olduğu görünür. NASA-nın temperatur anomaliyalarını izləyən FIRMS sistemi də ərazidə bir neçə yanğın ocağını qeydə alıb.
Ust-Luqa Rusiyanın strateji limanlarından biridir
Ust-Luqa Baltik dənizində Rusiyanın ən böyük, ölkə üzrə isə Qara dəniz sahilindəki Novorossiysk limanından sonra ikinci ən böyük limanıdır. Sankt-Peterburqdan təxminən 120 kilometr məsafədə yerləşir. Limanın ərazisində neft, neft məhsulları, kömür, kükürd, mineral gübrələr, qaz kondensatı, mayeləşdirilmiş təbii qaz (LNG) və konteyner yüklərinin daşınması üçün terminallar fəaliyyət göstərir. “Reuters” agentliyinin məlumatına görə, 2025-ci ildə bu liman vasitəsilə gündəlik təxminən 700 min barel neft ixrac edilib. Həmin il limandan ümumilikdə 32,8 milyon ton neft məhsulu ixrac olunub.
Qeyd edək ki, pilotsuz uçuş aparatları Ust-Luqa limanına bundan əvvəl də sentyabrın 1-də hücum etmişdi.
Hava limanlarının fəaliyyəti dayandırılıb
Dron hücumu təhlükəsi ilə əlaqədar Leninqrad vilayətindəki Pulkovo hava limanı təyyarələrin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Sankt-Peterburqa İstanbul və Hurqadadan uçan iki sərnişin təyyarəsi Helsinki şəhərində eniş edib. Hurqadadan Sankt-Peterburqa istiqamətlənən daha bir təyyarənin heyəti isə Kalininqradda eniş etmək qərarına gəlib.
Rusiyanın digər bölgələrində də hücumlar olub
Leninqrad vilayətinə doğru hərəkət edən dronlar Tver şəhərində yaşayış binalarının üzərində vurulub. Hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb. Lakin Smolenskdən təxminən 60 kilometr məsafədə yerləşən Yartsevo şəhərində dron qalıqlarının düşməsi çoxmərtəbəli yaşayış binasında yanğına səbəb olub. Vilayətin qubernatoru Vasili Anoxin hadisə nəticəsində iki nəfərin öldüyünü bildirib. Daha 10 nəfər yanğından xilas edilib.
Ümumilikdə, gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərində 37 dronun qarşısı alınıb.
Bundan başqa, Adıgeya Respublikasına da pilotsuz uçuş aparatları ilə hücum edilib. Krasnodardan avtomobillə təxminən 15 dəqiqəlik məsafədə yerləşən Novaya Adıgeya qəsəbəsində dron qalıqlarının düşməsi çoxmərtəbəli yaşayış binasının damında yanğına səbəb olub. İlkin məlumata görə, xəsarət alan yoxdur.
N.Talıblı
