Sumqayıt sakini “Kontakt Home”dan narazıdır- 14 günlük müddət niyə 7 günə enib?

Sumqayıt şəhər sakini aldığı məişət texnikasını geri qaytarmaq istəsə də, bunun mümkün olmadığını bildirir.

AzPost xəbər verir ki, vətəndaş Rəhim Hüseynov “Kontakt Home” mağazalar şəbəkəsinin Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən flaqman filialından alınan buxar aparatının geri qaytarılması ilə bağlı çətinliklə üzləşdiyini iddia edir.

Onun sözlərinə görə, ailə üzvləri tərəfindən ayın 17-də nağd ödənişlə alınan buxar aparatı mağazada təqdim edilən məlumata əsasən, məhsul xoşagəlmədiyi halda 14 gün ərzində geri qaytarıla bilərdi. Rəhim Hüseynov bildirir ki, məhsul cəmi bir dəfə sınaq məqsədilə istifadə olunub, heç bir zədəsi yoxdur və zavod görünüşündə dəyişiklik baş verməyib.

Şikayətçinin sözlərinə görə, məhsul geri qaytarılmaq üçün Sumqayıt filialına aparılsa da, mağaza əməkdaşları yalnız dəyişdirilmə variantını təklif edib. Daha sonra administrator Emin Rəfiqxanovun məsələnin onun səlahiyyətinə aid olmadığını bildirdiyi qeyd olunur.

Rəhim Hüseynovun iddiasına əsasən, “Kontakt Home”un qaynar xətti ilə əlaqə saxladıqda ona bildirilib ki, məhsul yalnız 7 gün ərzində geri qaytarıla bilər. Şikayətçi vurğulayır ki, bu qayda alış zamanı istehlakçıya bildirilməyib. Qablaşdırmanın açılması isə satış məsləhətçisi tərəfindən məhsulun təqdimatı zamanı həyata keçirilib.

Vətəndaş hesab edir ki, bu yanaşma istehlakçının çaşdırılması və yanlış məlumatlandırılması kimi qiymətləndirilə bilər. Onun fikrincə, oxşar problemlərlə bağlı sosial şəbəkələrdə və mediada da dəfələrlə şikayətlər yer alıb.

Uzun illər “Kontakt Home”un VIP müştərisi olduğunu bildirən Rəhim Hüseynov hazırda şirkətin müştəri məmnuniyyətinə lazımi diqqət ayırmadığını iddia edir. O, mağazalarda bəzi məhsullar üçün sınaq nümunələrinin təqdim edilməsini təklif edərək, bunun gələcəkdə oxşar narazılıqların qarşısını ala biləcəyini qeyd edir.

Şikayətçi məsələni ictimailəşdirməyi və aidiyyəti qurumların diqqətinə çatdırmağı xahiş edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, istehlakçı aldığı qeyri-ərzaq məhsulunu müəyyən şərtlər daxilində geri qaytarmaq və ya dəyişdirmək hüququna malikdir.

Qanunun müvafiq maddələrinə görə, məhsul istifadə olunmamış, əmtəəlik görünüşü, istehlak xüsusiyyətləri və satış qəbzi saxlanıldığı halda istehlakçı onu satıcıya qaytara və ya dəyişdirə bilər.
Eyni zamanda, qanunvericilikdə istehlakçıya alış zamanı düzgün, dolğun və aydın məlumat verilməsi satıcının əsas vəzifələrindən biri kimi müəyyən edilib. Məhsulun geri qaytarılması ilə bağlı şərtlərin istehlakçıdan gizlədilməsi və ya fərqli formada təqdim olunması qanun pozuntusu hesab edilə bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.