Bank Respublika müştərisi depozitinin hesablanması və verilməsi ilə bağlı uzun müddətdir problem yaşadığını bildirir. Sosial şəbəkədə yayılan şikayətdə qeyd olunur ki, dekabrın 10-dan bu günə qədər banka dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər gün eyni cavab verilir: “hesablanır”.
AzPost xəbər verir ki, müraciət müəllifi Sahil Mehdizadənin sözlərinə görə, artıq iki aya yaxındır depozit məbləği ona ödənilmir. Onun iddiasına əsasən, Bank Respublika hər gün vədin yerinə yetiriləcəyini bildirsə də, bu, reallaşmır.
Şikayətçi bir həftə əvvəl Azərbaycan Mərkəzi Bankına rəsmi müraciət etdiyini, lakin oradan da “məlumatımız var, bu gün veriləcək” cavabını aldığını deyir. Onun fikrincə, vəziyyət göstərir ki, Mərkəzi Bank da Bank Respublika ilə bağlı problemi həll edə bilmir.
Müştəri bankın kredit məsələlərində çevik davrandığını, lakin depozitlərin qaytarılmasında eyni yanaşmanın olmadığını vurğulayır. Bildirir ki, kredit gecikən kimi dərhal faiz hesablanır, amma depozit ödənişinə gələndə aylarla ləngimə yaşanır.
Şikayətdə o da qeyd olunur ki, depozit vəsaitinin verilməməsi səbəbindən onun maddi və mənəvi ziyana məruz qalıb. Vəsaitlə bağlı gecikmə səbəbilə bir şəxsin planlaşdırılan tibbi əməliyyatı təxirə salınıb və bununla bağlı bütün tibbi sənədlər mövcuddur.
Müştəri artıq məsələ ilə bağlı məhkəməyə müraciət etməyi düşündüyünü açıqlayıb.
Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununa və Mülki Məcəlləyə əsasən, banklar depozit müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq müştərinin vəsaitini vaxtında qaytarmağa borcludur.
Mülki Məcəllənin 439-cu maddəsinə görə, öhdəliyin icrası gecikdirildikdə, zərərçəkən tərəf maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.
Həmçinin, müştəri bankın hərəkətləri nəticəsində zərər çəkibsə, məhkəməyə müraciət edərək faiz, dəymiş zərər və kompensasiya tələb edə bilər.