Futbol üzrə Misli Premyer Liqasında XX tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda “Qarabağ” “İmişli”nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub. “Qarabağ”ın heyətində Kadi Borges, “İmişli”də isə Diequ Almeyda qırmızı vərəqə ilə meydandan qovulublar.
Bu qələbədən sonra xallarını 45-ə çatdıran “Qarabağ” ikinci pillədə qalıb və lider “Sabah”la xal fərqini 1-ə endirib. İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur.
Günün son oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.