Bank xidmətləri ilə bağlı növbəti narazılıq sosial şəbəkələrdə gündəmə gəlib. AzPost.az xəbər verir ki, istifadəçi Kənan Məcidov AzərTürk Bank tərəfindən xarici ödəniş zamanı əlavə komissiya tutulduğunu iddia edib.
Onun sözlərinə görə, Tailand vizası üçün rəsmi saytda 40 ABŞ dolları məbləğində ödəniş edib. Lakin əməliyyatdan sonra hesabından əlavə olaraq 6 manat 83 qəpik xidmət haqqı çıxılıb.
Müştəri bildirib ki, digər bank kartları ilə aparılan eyni ödənişlərdə belə komissiya tutulmur:
“Başqa kartlarda rüsum çıxılmadığı halda bank əlavə ödəniş tutub. Əgər əvvəlcədən bilsəydim, ödənişi başqa kartla edərdim”.
Şikayətə cavab olaraq bank nümayəndələri məsələni araşdırmaq üçün müştəridən müraciət etməyi xahiş edib. Lakin istifadəçi əvvəlki yazışmalarda qaneedici cavab almadığını və problemin həll olunmadığını qeyd edib.
AzPost.az qarşı tərəfin rəsmi mövqeyini dərc etməyə hazırdır.
