“Yeni Sabah” xəbər verir ki, kənd sakinləri, xüsusilə qadınlar bulaqlardan su bidonlarını dolduraraq eşşəklərə yükləyib palçıqlı yollarla evlərinə daşıyırlar.
2026-cı il olmasına baxmayaraq, kənddə mərkəzləşdirilmiş su sistemi yoxdur və əhali gündəlik ehtiyaclarını bu üsulla təmin etməli olur. Fevral ayı, qışın soyuq günlərində bu vəziyyət kənd sakinləri üçün daha da çətinləşir.
Kənddə təkcə insanlar deyil, heyvanlar da susuzluqdan əziyyət çəkir və həmin bulağa su içməyə gedirlər.
Azpost.info bildirir ki, Hcıalılar kəndində sakinlərnin uzun illərdir su problemi ilə üz-üzə olması barədə məlumatlar ötən illərdə də mediada səslənib. Kəndə bir vaxtlar içməli su xətti çəkilsə də, sakinlərin sevinci elə də çox çəkməyib. Mənbədə su azaldığından onun verilişi dayanıb.
2023-cü ildə bu kənd sakinləri bu barədə reportaj hazırlayan Dövlət İnformasiya Agentliyinə şikayət ediblər ki, kənddən bir neçə yüz metr aralıda axan zəif sulu bulaqlardan gün ərzində bir neçə dəfə su daşımalı olurlar.
Kənd sakini Esmira Həsənova deyib ki, gün ərzində bir neçə dəfə bulağa gedib-gəlir, evə su aparır. “Sübh tezdən saat 5-dən oyanıb, saat 11-ə qədər su başında növbə tuturuq. Bəzən elə olur ki, su heç mal-qaraya da çatmır, məcbur olub qonşu kənddən, Çənlibeldən 35-40 manata su gətirdirik. O su da bizi bir həftə görmür”, – deyə Esmira Həsənova bildirir.
Sakinlər demək olar ki, günlərinin əksər vaxtını bulaq başında növbədə keçirirlər.
Kəndin yaşlı sakinlərindən olan Qəzənfər Əhmədov isə deyib ki, yayda bulaqdan su normal axır. Elə ki, havalar soyudu, bulağın suyu da zəifləyir. O, indi bulağa bir təhər gedib-gəldiyini söyləsə də, qışda qarda, şaxtada bu yolu getməyin çətin olduğunu bildirir: “Kimin imkanı çatırsa, suyu maşınla gətirir. Eləsi də var gətirə bilmir. Meyvə ağacları susuz qalıb quruyur. Çənlibel kəndi tərəfdə su mənbələri var. İstəyimiz odur ki, oradan bizim kəndimizə su çəksinlər”.
Suyu hər bir evin həyətində çənlərə və ya hovuzlara yığan sakinlər tələbatlarını yalnız bir neçə günlük toplaya bilirlər.
2023-cü ildə Hacalılar kəndinin su problemi ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidməti bildirib ki, vaxtilə Hacalılar kəndinin mövcud bulaqlarının suyundan istifadə etməklə infrastruktur layihəsi təsdiqlənərək həyata keçirilib. Layihə çərçivəsində həmin ərazidə nasos stansiyası, transformator və su toplayıcı çənlər quraşdırılsa da, sonradan qlobal iqlim dəyişmələri ilə əlaqədar bulaqların suyunda kəskin azalma baş verib və infrastruktur işlək vəziyyətdə olmayıb. Vəd edilib ki, Hacalılar kəndinin su təchizatının yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC-yə müraciət daxil olub və gələcəkdə kəndin su təchizatının aparılması ilə bağlı layihə işlənib hazırlanacaq.










