Rusiyanın Çelyabinsk şəhərinin Yeddinci Kassasiya Məhkəməsi prokurorun azərbaycanlı Nəsimi Məmmədov barəsində bəraət hökmünün ləğv edilməsi ilə bağlı tələbini rədd edib.
Yekaterinburq sakini Nəsimi Məmmədov 2000-ci ildə Aleksey Zubakinə qarşı sifarişli qətl törətməkdə ittiham olunub.
11 iyun 2025-ci ildə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi andlılar kollegiyasının bəraət hökmünə əsasən Nəsimi Dilqəm oğlu Məmmədova cinayətdə iştirak etmədiyinə görə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “z” bəndi ilə bəraət qazandırıb. Bəraət alan təqsirləndirilən şəxs qanunsuz təqibə görə reabilitasiya hüququna malik hesab edilib.
2025-ci ilin sentyabr ayında Sverdlovsk Vilayət Məhkəməsi apelyasiya şikayəti üzrə hökmü qüvvədə saxlayıb. Bəraət hökmü qüvvəyə minib.
Nəticədən narazı qalan prokuror Ümumi Yurisdiksiyanın Yeddinci Kassasiya Məhkəməsinə kassasiya şikayəti verib.
Çelyabinsk şəhərində kassasiya iclası keçirilib və nəticədə prokurorun iddiaları rədd edilib.
Yekaterinburqun Kirovski Rayon Məhkəməsinin bəraət hökmü və Sverdlovsk Vilayət Məhkəməsinin apellyasiya qərarı qüvvədə saxlanılıb.