Servisə verilən məhsul aylarla qaytarılmırsa– alıcı pulu geri tələb edə bilərmi?

Sosial şəbəkədə paylaşım edən Mələk Məmmədova bildirib ki, o, “İrşad” mağazasından kompüter alıb. Onun sözlərinə görə, cihaz cəmi bir ay işlədikdən sonra nasaz olub və servisə göndərilib. Lakin artıq iki aydır ki, məhsul geri qaytarılmayıb. İstehlakçı iddia edir ki, servis ehtiyat hissə gözlənildiyini desə də, o artıq məhsulu istəmir və ya yenisi ilə əvəz olunmasını, ya da ödədiyi pulun geri qaytarılmasını tələb edir.

Bəzən istehlakçılar aldıqları texniki məhsullarda qısa müddət sonra nasazlıq yaranması və cihazın servisə göndərildikdən sonra uzun müddət geri qaytarılmaması ilə üzləşirlər. Belə hallarda alıcıların ən çox verdiyi suallardan biri budur: məhsul aylarla servisdə qalarsa, alıcı pulu geri tələb edə bilərmi və ya məhsulun yenisi ilə əvəz olunmasını istəyə bilərmi?

Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 15-ci maddəsinə əsasən, istehlakçı aldığı məhsulda qüsur aşkar edildiyi halda satıcıdan bir sıra tələblər irəli sürə bilər. Bu tələblərə məhsulun pulsuz təmiri, eyni model məhsulla dəyişdirilməsi, başqa model ilə əvəz olunması və ya ödənilmiş pulun geri qaytarılması daxildir.

Qanunvericiliyə görə, məhsul zəmanət müddəti ərzində nasazlıq səbəbindən servisə verildikdə onun təmiri müəyyən müddət ərzində həyata keçirilməlidir. Əgər təmir uzun müddət çəkərsə və ya məhsulun qüsuru aradan qaldırılmazsa, istehlakçı məhsulun yenisi ilə əvəz edilməsini və ya müqavilədən imtina edərək ödədiyi məbləğin geri qaytarılmasını tələb edə bilər.

Eyni zamanda qanuna əsasən, satıcı və ya istehsalçı istehlakçının qanuni tələblərini əsassız şəkildə gecikdirə bilməz. Əgər tərəflər arasında razılıq əldə olunmazsa, istehlakçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə və ya məhkəməyə müraciət edə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.