Kubada milyonlarla insan işıqsız qaldı

Kubada genişmiqyaslı elektrik kəsilməsi baş verib. AzPost xəbər verir ki, ölkənin ən böyük istilik elektrik stansiyalarından birində baş verən nasazlıq nəticəsində paytaxt Havana və qərb bölgələrində milyonlarla insan işıqsız qalıb.

Məlumata görə, qəzanın səbəbi Kubanın ən iri elektrik istehsal müəssisələrindən biri olan Antonio Guiteras İstilik Elektrik Stansiyasında yaranan texniki nasazlıqdır. Dövlət enerji şirkətinin nümayəndələri bildiriblər ki, elektrik kəsilməsi qərbdə yerləşən Pinar-del-Rio şəhərindən mərkəzdəki Kamaqvey şəhərinədək geniş ərazini əhatə edib.

Energetika və dağ-mədən sənayesi naziri Visente de la O Levi hökumətin əsas diqqətinin həyati əhəmiyyət daşıyan obyektlərin elektriklə təmin olunmasına yönəldiyini bildirib. Onun sözlərinə görə, ilk növbədə xəstəxanalar və tibb müəssisələrinin fasiləsiz enerji ilə təmin edilməsi prioritetdir. Nazir əlavə edib ki, iki elektrik stansiyası artıq fəaliyyətini qismən bərpa edib.

Məlumata əsasən, paytaxt Havana sakinləri yaranmış vəziyyətə uyğunlaşmağa çalışırlar. Bəzi ailələr yeməyi odunla bişirir, digərləri isə axşam saatlarında lampaların işığında vaxt keçirir. Sahilboyu ərazilərdə isə musiqiçilər kiçik çıxışlar təşkil edərək insanlara mənəvi dəstək olurlar.

Qeyd edək ki, bu, son üç ayda Kubanın qərb hissəsində baş verən ikinci ciddi enerji kəsilməsidir. Ötən ilin dekabrında elektrik ötürücü xətdə yaranmış nasazlıq səbəbindən bölgə təxminən 12 saat işıqsız qalmışdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.