Bakını “tıxac”dan necə xilas etmək olar?

Bakıda tıxaclar son illər paytaxtın ən ciddi şəhər problemlərindən birinə çevrilib. Səhər və axşam saatlarında şəhərin əsas prospekt və küçələrində nəqliyyatın hərəkəti xeyli çətinləşir.

Azpost.info bildirir ki, bu vəziyyət həm iqtisadi itkilərə, həm də vətəndaşların gündəlik həyatına mənfi təsir göstərir. Bəs paytaxtda tıxacların yaranmasının əsas səbəbləri nələrdir və mövcud yol infrastrukturu bu problemi həll etməyə imkan verirmi?

Bakıda tıxacların yaranmasının ən əsas səbəblərindən biri avtomobillərin sayının sürətlə artmasıdır. Ölkədə qeydiyyatda olan nəqliyyat vasitələrinin böyük hissəsi paytaxtın payına düşür. Hər gün minlərlə avtomobil şəhərin mərkəzinə doğru hərəkət edir ki, bu da yol şəbəkəsinin daşıma imkanlarını xeyli artırır.

Şəhər planlaşdırmasının xüsusiyyətləri də burada vacib məqamdır.

Paytaxtın bir çox küçə və prospektləri illər əvvəl daha az avtomobil üçün layihələndirilib. Müasir dövrdə isə avtomobillərin sayının artması mövcud infrastrukturun imkanlarını məhdudlaşdırır. Bundan əlavə, iş yerlərinin, biznes mərkəzlərinin və dövlət qurumlarının əsasən şəhər mərkəzində yerləşməsi nəqliyyat axınının bir istiqamətdə cəmlənməsinə səbəb olur.

Bəzi yol qovşaqlarında hərəkətin düzgün tənzimlənməməsi də tıxacların yaranmasına səbəb olur. İşıqforların koordinasiyasının tam optimal olmaması, bəzi küçələrdə zolaqların qeyri-səmərəli təşkili və yol ayrıcılarında sıxlıq nəqliyyatın hərəkətini ləngidir.

Sürücülərin yol hərəkəti qaydalarını pozması da tıxacların yaranmasında mühüm rol oynayır. Yol ayrıcılarının bağlanması, düzgün parklanmanın olmaması və sürücülərin bir-birinə yol verməməsi kimi hallar nəqliyyatın hərəkətini daha da çətinləşdirir.

Yollarda baş verən qəzalar və texniki nasazlıq səbəbilə hərəkətsiz qalan avtomobillər də tez-tez uzun tıxacların yaranmasına səbəb olur. Belə hallarda yolun bir hissəsinin bağlanması bütün nəqliyyat axınına təsir edir.

İctimai nəqliyyat kifayət etmir

Şəhərdə ictimai nəqliyyatın bəzi istiqamətlər üzrə kifayət qədər inkişaf etməməsi insanların şəxsi avtomobildən daha çox istifadə etməsinə gətirib çıxarır. Bu isə yollardakı yükü daha da artırır.

Bir çox hallarda tıxac probleminin həlli kimi yeni yolların çəkilməsi və mövcud yolların genişləndirilməsi göstərilir. Lakin müasir şəhərsalma təcrübəsi göstərir ki, yolların sayının artırılması tıxac problemini tam aradan qaldırmır.

Yeni yollar və körpülər tikildikdə ilkin mərhələdə nəqliyyatın hərəkəti nisbətən rahatlaşsa da, zaman keçdikcə avtomobillərin sayı da artır və nəticədə tıxaclar yenidən yaranır. Bu fenomen nəqliyyat planlaşdırılmasında “tələb artımı effekti” kimi tanınır.

Bundan əlavə, paytaxtda bir çox yolun mərkəzə doğru istiqamətlənməsi səbəbindən nəqliyyat axını müəyyən nöqtələrdə toplanır. Bu isə yolun uzunluğundan asılı olmayaraq sıxlığın yaranmasına gətirib çıxarır.

 

Həll yolları nədir?

Mütəxəssislərin fikrincə, tıxac probleminin həlli üçün kompleks yanaşma tələb olunur. Bu istiqamətdə aşağıdakı addımlar mühüm rol oynaya bilər:

ictimai nəqliyyat sisteminin genişləndirilməsi və keyfiyyətinin artırılması, metro və digər ictimai nəqliyyat xətlərinin artırılması,“ağıllı” nəqliyyat idarəetmə sistemlərinin tətbiqi, parklanma siyasətinin daha səmərəli təşkili, velosiped və piyada infrastrukturunun inkişafı.

Bakıda tıxac problemi yalnız yol şəbəkəsinin uzunluğu ilə bağlı deyil. Avtomobillərin sayının artması, şəhər planlaşdırılması, nəqliyyatın idarə olunması və ictimai nəqliyyatın vəziyyəti bu problemin formalaşmasında mühüm rol oynayır. Buna görə də problemin həlli üçün yolların genişləndirilməsi ilə yanaşı, nəqliyyat sisteminin ümumi şəkildə modernləşdirilməsi vacib hesab olunur.

Sunay AYDIN

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.