Avropa İttifaqı süni intellektin inkişafı üçün 500 milyard avro investisiya cəlb etməlidir. Bu vəsaitə qabaqcıl süni intellekt modellərinin yaradılması, mikrosxemlərin və digər avadanlıqların istehsalı da daxildir.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen noyabrın 13-də Dublində Aİ liderləri ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Avropada ABŞ-dan daha çox texnoloji startap yaradılır. Lakin onların bir çoxu bizneslərini genişləndirmək üçün lazımi dəstəyi ala bilmir.
Süni intellekt sənayesinin inkişafı üçün Avropa İttifaqı özəl investisiyalar cəlb etməli, investisiya qaydalarını islah etməli və innovasiyaları dəstəkləyən fondların yaradılması barədə razılığa gəlməlidir.
Fon der Lyayen həmçinin Avropanın texnoloji suverenliyinin gücləndirilməsi üçün maliyyələşmənin artırılmasına dair iddialı təklif təqdim edəcəyini açıqlayıb.
Süni intellektə investisiyaların artırılması Avropa İttifaqının ABŞ və Çin texnologiyalarından asılılığını azaltmağa xidmət edir.
