Donald Trampın keçmiş baş strateqi və “MAGA” (Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatının əsas ideoloqlarından biri olan Stiv Bennon Yaxın Şərqdə davam edən qanlı münaqişələrlə bağlı radikal təkliflə çıxış edib. AzPost xəbər verir ki, Bennon müharibənin ağırlığının yalnız sadə xalqın üzərinə düşməsini tənqid edərək, siyasi elitaya sərt mesaj yollayıb.
“Qoy gedib özləri savaşsınlar”
Bennon özünün məşhur “War Room” proqramında və son çıxışlarında qeyd edib ki, regiondakı liderlərin və varlı ailələrin övladları cəbhədən uzaqda, təhlükəsiz şəraitdə yaşayırlar. O, İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunu və ərəb dünyasının varlı şeyxlərinin ailə üzvlərini hədəf alıb: “Netanyahunun oğlu Yairi, ərəb şeyxlərinin ailələrini, övladlarını və nəvələrini hamısını deport edib müharibəyə göndərmək lazımdır. Qoy gedib savaşsınlar. Nə qədər ki, onların öz ailələri bu alovun içində deyil, bu müharibələr bitməyəcək.”
Xatırladaq ki, Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahunun müharibə dövründə İsraildə deyil, ABŞ-ın Mayami şəhərində yaşaması həm İsrail daxilində, həm də beynəlxalq müstəvidə ciddi tənqidlərə səbəb olmuşdu. Bennon da məhz bu faktı qabardaraq, “elitaların müharibəsi” anlayışına qarşı çıxıb.
Siyasi analitiklər hesab edir ki, Bennonun bu çıxışı Tramp tərəfdarlarının “Öncə Amerika” (America First) siyasətinin bir parçasıdır. Bu ideologiyaya görə, ABŞ başqalarının münaqişələrinə milyardlarla dollar xərcləməməli, regionun varlı dövlətləri və liderləri isə öz təhlükəsizlikləri üçün şəxsən məsuliyyət daşımalıdırlar.