Pakistan mənbələri İranın ABŞ-a cavabının detallarını açıqladılar

Pakistanın danışıqlar prosesləri ilə tanış olan çoxsaylı hökumət mənbələri bazar ertəsi Anadolu agentliyinə bildiriblər ki, İslamabad Yaxın Şərq münaqişəsinin danışıqlar yolu ilə həllinə kömək etmək üçün vasitəçilik səylərini davam etdirəcək və ABŞ ilə İran arasında yenidən müharibə təhlükəsi yaranmayacaq.

Türkiyənin rəsmi informasiya agentliyi  xəbər verir ki, Pakistan rəsmisi vurğulayıb: “Pakistan davam edən çıxılmaz vəziyyətə baxmayaraq, müharibənin yenidən başlaması ilə bağlı heç bir təcili təhlükə görmür, çünki Vaşinqton və Tehran münaqişəyə son qoymaq üçün ciddi şəkildə diplomatik yol axtarır”.

Mənbələr həmçinin bildiriblər ki, Donald Tramp qarşıdan gələn Çin səfərinin hərbi əməliyyatların yenidən başlaması ilə kölgədə qalmasını istəmir. O, bazar günü özünün “Truth Social” platformasında İranın “sözdə nümayəndələri” tərəfindən göndərilən cavabı oxuduğunu bildirib və onu “tamamilə qəbuledilməz” adlandırıb.

İran isə Trampın bu cavabı rədd etməsinin “heç bir əhəmiyyət daşımadığını” bildirib.

Mənbələr əlavə ediblər ki, İslamabad Tehranın nüvə proqramı ilə bağlı bəzi məsələlərdə iki tərəfin açıq şəkildə qəbul etdiyi çeviklikdən asılı olmayaraq, “dalandan çıxmaq” üçün vasitəçiliyini davam etdirəcək.

Pakistanlı bir mənbə qeyd edib: “Hər iki tərəfin sərt tonlarına baxmayaraq, arxa kanallar vasitəsilə əlaqələr davam edir, Qətər və Misir də daxil olmaqla bir neçə regional ölkə İslamabadın vasitəçilik səylərini dəstəkləyir”.

Mənbələrə görə, Pakistan hələ də iki tərəf arasında birbaşa danışıqların bərpasına ümid etsə də, İranın ABŞ təkliflərinə cavabında nüvə məsələsi ilə bağlı əvvəlki mövqeyində dəyişiklik yoxdur. Onlar əlavə ediblər ki, ötən həftə İslamabad vasitəsilə ABŞ-yə çatdırılan Tehranın cavabı müharibənin “dərhal” sona çatmasına yönəlib və “Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı əsas tələbi baxımından yetərli deyil”. Həmçinin İran nüvə məsələsinin “mürəkkəbliyini” nəzərə alaraq “daha geniş və ayrıca” danışıqlar təklif edib.

Lakin mənbələrə görə, Tehran uranın zənginləşdirilməsini beş il müddətinə dayandırmaq “hazırlığını” təkrarlayıb, eyni zamanda Vaşinqtonun 20 illik moratorium tələbini rədd edib. Eyni zamanda, İran ABŞ-nin yeraltı nüvə obyektlərinin sökülməsi tələbini yenə rədd edib və nüvə silahı hazırlamaq planının olmadığını bildirib.

Onların sözlərinə görə, Tehran, həmçinin iki tərəfin müharibəyə son qoymaq barədə razılığa gəlməsindən sonra bir ay ərzində nüvə danışıqlarına başlamağı təklif edib.

Mənbələrə görə, İran ABŞ-nin limanlarını blokadasına son qoyması müqabilində Hörmüz boğazını yenidən açmağa hazır olduğunu təkrarlayıb. Onlar əlavə ediblər ki, Tehran, həmçinin “dondurulmuş” hesablarındakı milyardlarla dolların azad edilməsi, müharibə zərərlərinin ödənilməsi və İslam Respublikasına qarşı ABŞ və beynəlxalq sanksiyaların ləğvi tələblərini təkrarlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.