Dövlət qulluqçularının, hərbçilərin pensiya əlavələrinə yenidən baxılacaq

Pensiya
Pensiya

Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək.

Azpost.info bildirir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.

Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər.

Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır.

Qulluq stajına görə əmək pensiyası necə hesablanır?

Azpost.info bildirir ki, Azərbaycanda qulluq stajına görə əmək pensiyası xüsusi xidmət kateqoriyalarına (dövlət qulluqçuları, hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və s.) mənsub şəxslərə, qanunvericiliklə müəyyən edilmiş staj həddinə çatdıqda ümumi pensiya məbləğinə edilən xüsusi əlavələrlə tənzimlənir.

Qulluq stajına görə əmək pensiyası (əsasən dövlət qulluqçuları və xüsusi rütbəli şəxslər üçün) qulluq müddəti və müvafiq vəzifə üzrə orta aylıq əməkhaqqı (dövlət məvacibi) əsas hesablanaraq, ümumi pensiyanın üzərinə əlavə faiz şəklində əlavə edilir.
Bu pensiya növünün hesablanma şərtləri belədir:
Minimum tələb: Dövlət qulluğu vəzifəsində ən azı 15 il qulluq stajı olmalıdır.
Əsas faiz dərəcəsi: 15 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında pensiya təyin edilir.
İllik artım: 15 ildən artıq olan qulluq stajının hər tam ili üçün bu məbləğ artırılır.
 Hansı sənədlər tələb olunur?
Əmək pensiyalarına qulluq stajına görə əlavə təyin edilməsi üçün bu sənədlər təqdim olunmalıdır:
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Şəxsin əmək kitabçasının surəti
  • Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, habelə onların ailə üzvləri istisna olmaqla) müvafiq dövlət orqanı tərəfindən verilmiş arayış
  • Şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış
  • Vəfat etmiş şəxsin ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı
  • Vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti
  • Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti
  • Vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin, habelə atasının, anasının, arvadının, ərinin orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış
  • Ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı
  • Ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı
  • Qulluq stajına görə əlavələrin hesablanması üçün hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə yaşa görə, habelə onların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 23 avqust tarixli 135 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və formada həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi
  • Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd

Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.

Bu kateqoriyadan olan vətəndaşlar üçün pensiyanın təyin edilməsi və əlavələrin hesablanması Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.