Putinin Çinə səfəri zamanı “Sibirin Gücü 2” qaz kəmərinin tikintisi ilə bağlı razılaşma əldə edə bilməyib.
Azpost.info bildirir ki, prezidentin mətbuat katibi Dmitri Peskov Putinin Çin prezidenti Si Cinpinlə danışıqlarından sonra bildirib ki, 10 ildən çoxdur müzakirə olunan və Çinə qaz tədarükünün ildə 100 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutan layihədə hələ də bəzi həll olunmamış məsələlər var.
Peskov əlavə edib ki, əsas anlaşma parametrləri və gələcək boru kəmərinin marşrutu razılaşdırılıb, lakin layihənin müddəti ilə bağlı hələ də dəqiq bir razılaşma yoxdur. “Hələlik heç nə aydın deyil. Axı bu, kommersiya məlumatıdır. Amma bu, olduqca əhəmiyyətli bir nailiyyətdir”, – deyə “İnterfaks” Peskovun sözlərinə istinadən bildirir.
Putin Pekinə beş baş nazirin müavini, səkkiz nazir və “Qazprom” və “Rosneft” də daxil olmaqla, böyük dövlət şirkətlərinin rəhbərlərindən ibarət böyük bir nümayəndə heyəti gətirib. Səfəri zamanı o, Rusiya-Çin əməkdaşlığının sonsuz perspektivlərindən danışıb və Çinə neft, kömür və qazın fasiləsiz ixracına söz verib. Danışıqlardan sonra Moskva və Pekin 40 sənəd imzalayıblar. Lakin Kremlin dərc etdiyi siyahıya görə, heç bir sənəddə nə “Sibir Gücü 2″dən, nə də neft-qaz sektorundakı əməkdaşlıqdan bəhs edilməyib.
Vəziyyətlə tanış olan bir mənbə “Financial Times”-a bildirib ki, qazın qiyməti yeni qaz kəməri üçün maneə olaraq qalır. Bu mənbəyə görə, Çin qiymətin daxili Rusiya bazarına yaxın bir səviyyəyə endirilməsini tələb edir. Bu, təxminən min kubmetr üçün 50 dollardır. Bu da Pekinin hazırda ödədiyi qiymətdən (min kubmetr üçün 258 dollar) beş dəfə, “Qazprom”un xaricdəki digər müştərilər üçün qiymətlərindən (420 dollar) isə 8,5 dəfə aşağıdır. Bundan əlavə, Çin qaz tələbatının pik həddə çatmasından narahatdır. Buna görə də əlavə alış öhdəlikləri götürməyə ehtiyac duyulduğuna şübhə ilə yanaşır.
Çin hazırda Rusiyadan ildə 38 milyard kubmetr qaz alır. Bu, Qazpromun MDB xaricindəki ölkələrə ixracının yarısıdır. Bu göstərici 1980-ci illərin sonlarından bəri ən aşağı səviyyəyə yaxınlaşır. Onilliyin sonuna qədər Rusiya hökuməti Çinə tədarükü 47% artıraraq ildə 56 milyard kubmetrə çatdırmağı gözləyir. Əlavə qaz Uzaq Şərq marşrutu (12 milyard kubmetr) və Sibir Gücü-1 boru kəmərinin genişləndirilməsi (6 milyard kubmetr) vasitəsilə tədarük ediləcək.