Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkən iştirak etməyib, onun nümayəndəsi kimi İsmayıl Mustafayev təqdim olunub.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət verərək müdafiə etdiyi şəxsin yetkinlik yaşına çatmadığını deyib və proseslərin qapalı keçirilməsini xahiş edib. Bundan başqa o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini də məhkəmədən xahiş edib.
Vəkil bildirib ki, ekspertizanın rəyinə əsasən, təqsirləndirilən şəxs əməli törədərkən anlaqlı olmayıb və zərəçəkənlə barışıq əldə olunub. Saxlanıldığı müddətdə yeniyetmənin özünü yaxşı aparması ilə bağlı arayış da təqdim olunub: “O, internetin, oyunların təsiri ilə bu əməli törədib”.
R.Mirmehdizadə məhkəməyə şagirdin diplomlarını da təqdim edib.
Zərəçəkənin vəkili məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətlə razılaşıb. Digər vəsətətə də etiraz etməyib.
Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib. İşin qapalı keçirilməsi ilə bağlı vəsatəti isə məhkəmənin mülahizəsinə buraxıb.
Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyulun 1-nə təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət də təmin edilməyib.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub./APA/