“İkinci əl” avtomobil alarkən bu tələlərə düşməyin –Ən çox əl atılan 5 aldatma üsulu

Azərbaycanda, xüsusilə də Bakı şəhərində ikinci əl avtomobil bazarı hər zaman aktivdir, lakin bu bazardan maşın almaq bəzən “lotereya” oynamağa bənzəyir.

Azpost.info bildirir ki, işlənmiş avtomobillərin gizlədilən və ya sonradan üzə çıxan problemləri alıcıya maşının dəyərindən daha baha başa gələ bilər.

“İkinci əl” avtomobillərin əsas problemləri nələrdir?

Yürüşün (“probeq”in) geri çəkilməsi: Bu, bazarda ən çox rast gəlinən kütləvi problemdir. Avtomobilin real aşınmasını gizlətmək üçün odometr göstəriciləri xüsusi proqramlarla azaldılır.

“Utopka” və ya ağır qəza tarixçəsi: Xaricdən (xüsusilə ABŞ, Gürcüstan və ya Koreyadan) gətirilən bəzi avtomobillər suda batmış (utopka) və ya ağır qəzalı olur. Bu maşınlar kosmetik olaraq bərpa edilsə də, gələcəkdə elektronika və paslanma problemləri qaçılmaz olur.

Sürət qutusunun (“karobka”) və mühərrikin gizli qüsurları: Müəyyən qatqı maddələri (aşqarlar) vasitəsilə mühərrikin tüstü verməsi və ya karobkanın vurması müvəqqəti olaraq gizlədilir. Avtomobil bir neçə min kilometr sürüldükdən sonra bu problemlər yenidən baş qaldırır.

Hava astıqlarının (Airbag) olmaması: Qəza zamanı açılmış hava yastıqlarının yerinə yenisi qoyulmur, sadəcə panel bərpa edilir və beyindən səhv (error) silinir. Bu isə birbaşa həyati təhlükədir.

 

Müştəri işlənmiş avtomobil alarkən nəyə diqqət etməlidir?

Avtomobil alarkən aldanmamaq üçün prosesi iki mərhələyə bölmək lazımdır: İlkin vizual baxış və Peşəkar diaqnostika.

İlkin Baxış Zamanı (Özünüz nəyi yoxlaya bilərsiniz?)

Kuzovun cizgiləri və rəng fərqi: Qapıların, kapotun və yük yerinin (baqajın) birləşmə xətlərinə (şşotlarına) baxın. Arasındakı məsafə eyni olmalıdır. Günəş işığında detalların rəng çalarlarını müqayisə edin.

Salonun aşınma səviyyəsi: Sükanın, sürət qutusu başlığının, sürücü oturacağının və pedalların rezinlərinin vəziyyətinə baxın. Əgər maşının yürüşü 80.000 km göstərilibsə, lakin sükan tamamilə sürtülüb sıradan çıxıbsa, probeqin geri çəkildiyindən şübhələnə bilərsiniz.

Şüşələrin istehsal tarixi: Avtomobilin bütün şüşələrinin küncündəki zavod möhürlərinə və istehsal tarixlərinə baxın. Əgər bir şüşənin tarixi digərlərindən fərqlidirsə, deməli həmin hissədən zərbə dəyib və şüşə dəyişdirilib.

 

Rəsmi və sənədli yoxlanış (Mütləq edilməli olanlar)

VIN Kod (şassi nömrəsi) ilə yoxlama: Əgər avtomobil xaricdən gətirilibsə, onun VIN kodunu mütləq “Carfax” və ya analoji sistemlərlə yoxlayın. Maşının xaricdəki qəza vəziyyətini, rəngini və real probeqini bura yazaraq birbaşa görə bilərsiniz.

Yol Polisi (DYP) Bazası: Avtomobilin üzərində ödənilməmiş radarların, həbs (arest) qərarının və ya lizinq borcunun olub- olmadığını dəqiqləşdirin.

 Servis diaqnostikası (Ustada yoxlama)

Heç vaxt satıcının “öz ustasının” yanına getməyin. Avtomobili müstəqil və güvəndiyiniz bir servisə apararaq aşağıdakıları tələb edin:

Kompüter Diaqnostikası: Beyində silinmiş gizli səhvlər və airbagların yerində olub-olmaması yoxlanılır.

Kuzov və rəng ölçən (Tolşinomerd): Detalların üzərindəki rəng və şpaktlyovka qatı yoxlanılır.

 Asqı sistemi (“Xodovoy”): Maşın qaldırıcıya (podyomnikə) qaldırılmalı, altdan gələn zərbələr, yağ sızmaları və korroziya (pas) yoxlanılmalıdır.

Qızıl qayda nədir? Bazarda eyni modelin orta qiymətindən xeyli ucuz təklif olunan avtomobillərə şübhə ilə yanaşın. Keyfiyyətli, vaxtı-vaxtında servis qulluğu görmüş və sənədləri qaydasında olan avtomobil heç vaxt dəyərindən çox ucuz satılmaz.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.