Uşaqların sayı azalır, əhali qocalır– Ölkədə doğum rekord səviyyədə azalıb /TƏHLİL

Son illərdə Azərbaycanda doğumun aşağı düşməsi barədə iddialar səslənir. Ekspertlər və sosiloqlar elan olunan rəsmi rəqəmlərdən narahatdırlar və prosesi “əhalinin qocalması” tendensiyasına apardığını qeyd edirlər.

Bəs bu iddiaların əsası varmı? Ölkədə demoqrafik vəziyyət necədir?

Azpost.info bildirir ki, Azərbaycanda doğum sayının və əmsalının aşağı düşməsi ilə bağlı səslənən iddialar tamamilə rəsmi statistik faktlara əsaslanan real vəziyyətdir. Dövlət Statistika Komitəsinin ən son (2025-ci ilin yekunları və 2026-cı ilin ilk rübünün daxili hesabatları) rəqəmləri ölkədə ciddi bir demoqrafik transformasiyanın getdiyini və tendensiyanın narahatlıq doğurmağa başladığını göstərir.

Hazırda ölkədə ümumi əhali sayı artsa da (2026-cı il may ayının 1-i vəziyyətinə görə 10 270 338 nəfər təşkil edib), artım sürəti kəskin şəkildə zəifləyib.

Faktlar və rəsmi statistika: Doğum necə azalır?

Son iki ilin müqayisəli rəqəmləri doğumun hansı sürətlə aşağı düşdüyünü aydın göstərir:

2024-cü ildə ölkədə 102 min 310 körpə doğulduğu halda, 2025-ci ildə bu rəqəm 95 min 875-ə düşüb. Bu, son onilliklərin, bəzi mütəxəssislərə görə isə son 50 ilin ən aşağı göstəricilərindən biridir.

Doğum əmsalına gəlincə, hər 1000 nəfərə düşən doğum sayı 10.0-dan 9.4-ə geriləyib.

Ən dramatik vəziyyət paytaxt Bakıdadır. Bakı üzrə hər 1000 nəfərə doğum əmsalı cəmi 7.9 təşkil edir. Paytaxtın Nəsimi rayonunda isə bu göstərici rekord minimuma – 5.5-ə enib. Nisbətən yüksək doğum isə Dağlıq Şirvan (11.8) və Qarabağ (11.3) iqtisadi rayonlarında qeydə alınıb.

Bu vəziyyətin 4 əsas səbəbi hansıdır?

Ekspertlər bu azalmanı təkcə iqtisadi deyil, həm də dərin sosial və psixoloji faktorlarla əlaqələndirirlər.

Bura ilk növbədə nikahların azalması, boşanmaların artması daxildir. 2026-cı ilin əvvəlinə olan statistikaya görə, hər 1000 nəfərə nikah sayı 4.7-dən 3.2-yə düşüb. Azərbaycanda bu ilin ilk 4 ayında 11 min 422 nikaha daxilolma və 6 min 443 boşanma halları qeydə alınıb. Boşanma nisbəti isə demək olar ki, stabil olaraq yüksək qalır (hər 3 nikahdan biri boşanma ilə nəticələnir).

Bundan başqa evlilik yaşı gözlənilməz şəkildə artıb. Gənclər artıq karyera, təhsil və maliyyə sabitliyi səbəbindən ailə qurmağı sonrakı yaşlara (orta hesabla 27–30 yaş) təxirə salırlar. Bu da bioloji olaraq ailədəki uşaq sayına birbaşa təsir edir. Müasir Azərbaycan ailələrində urbanizasiya (şəhərləşmə) səbəbindən 3 və ya daha çox uşaqlı modeldən, 1 və ya maksimum 2 uşaqlı modelə sürətli keçid baş verir. Uşaq böyütməyin xərcləri (bağça, repetitor, səhiyyə) ailələri bu qənaətə məcbur edir.

Selektiv abortlar da ciddi problemə çevrilir. Doğulan körpələrin 53.1%-i oğlan, 46.9%-i qız uşaqlarıdır. Bu bioloji normanın (100 qıza 105 oğlan) pozulması deməkdir. Gələcəkdə ailə qura biləcək potensial qadınların sayının az olması növbəti nəsillərdə doğumu daha da azaldacaq.

Bizi nə gözləyir?

Ekspertlərin fikrincə əgər bir ölkədə hər 1000 nəfərə doğum əmsalı 10-dan aşağı düşürsə, bu, uzunmüddətli perspektivdə “əhalinin qocalması” böhranına yol açır.

Azərbaycanda hələ ki ölüm sayı doğumdan az olduğu üçün təbii artım var. Lakin artım tempinin bu sürətlə zəifləməsi yaxın 20-30 ildə bir sıra fəsadları qaçılmaz edə bilər. Burada ilk növbədə əmək bazarı problem yaşayacaq. Bu bazarda qıtlıq yaranacaq, gənc işçi qüvvəsinin sayı azalacaq. Təqaüdçülərin sayı artacaq, lakin onları maliyyələşdirən işləyən vətəndaşların sayı azalacaq. Bu isə pensiya sisteminə təzyiq deməkdir.

Odur ki, ölkədə demoqrafik vəziyyətlə bağlı İddiaların əsası var və vəziyyət strateji baxımdan narahatedicidir. Mütəxəssislər qeyd edirlər ki, demoqrafik böhranın qarşısını almaq üçün yaxın illərdə ölkədə daha güclü “sosial paketlər”in (məsələn, uşaqpulu sisteminin bərpası, gənc ailələrə güzəştli şərtlərlə mənzil təminatı, analıq məzuniyyəti müavinətlərinin artırılması) tətbiqi zərurətə çevrilə bilər.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.