Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün kondisionerlərdən daha çox istifadə edirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, cihazlardan düzgün istifadə edilmədikdə sağlamlıq problemləri yarana bilər.
Azpost.info-nun məlumatına görə, son illər aparılan araşdırmalar göstərir ki, yay mövsümündə boyun, kürək və oynaq ağrıları ilə bağlı müraciətlərin bir hissəsi kondisionerlərin yaratdığı soyuq hava axını ilə əlaqəlidir. Xüsusilə ofislərdə və avtomobillərdə uzun müddət birbaşa hava axınına məruz qalan şəxslərdə əzələ spazmları daha çox müşahidə edilir.
Pulmonoloq Nigar Həsənovanın sözlərinə görə, kondisioner özü xəstəlik yaratmır, lakin temperatur fərqi orqanizmi zəiflədir: “Çöldə hava 35-40 dərəcə olduğu halda, otaqda temperaturun 18-20 dərəcəyə endirilməsi orqanizm üçün stress yaradır. Nəticədə immun sisteminin fəaliyyəti zəifləyə bilər”, – ekspert bildirib.
Digər problem isə filtr təmizliyidir. ABŞ və Avropada aparılan tədqiqatlar göstərir ki, vaxtında təmizlənməyən kondisioner filtrlərində bakteriya, kif və allergenlər toplanır. Bu isə allergiyası və astması olan insanlarda narahatlıqları artıra bilər.
Mütəxəssislər otaq temperaturunun 24-26 dərəcə arasında saxlanılmasını tövsiyə edirlər. Həmçinin kondisionerin havasının birbaşa insanın üzünə və ya boynuna yönəldilməməsi vacib hesab olunur.
Yay istisində kondisioner həyatı rahatlaşdırsa da, düzgün istifadə edilmədikdə sağlamlıq problemlərinin gizli səbəbinə çevrilə bilər.
Sunay