Ət yeyən qadınların 100 yaşına qədər yaşamaq ehtimalı vegetarian qadınlarla müqayisədə 44 faiz yüksəkdir. Bu qənaətə 80 yaşdan yuxarı uzunömürlü insanların qidalanma vərdişlərini araşdıran çinli alimlər gəlib.
Tədqiqat göstərib ki, əsas məsələ yalnız ətdən imtina etmək deyil. Yaşlı insanların qida rasionunda kifayət qədər kalori və zülalın olması da uzunömürlülük baxımından mühüm rol oynayır.
Azpost.info bildirir ki, “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan araşdırmada çinli alimlər 80 yaşdan yuxarı 5 mindən çox insanın məlumatlarını təhlil ediblər.
Tədqiqat müəllifləri müəyyən ediblər ki, çəkisi normadan aşağı olan vegetarianların 100 yaşına çatmaq ehtimalı ət yeyənlərlə müqayisədə daha azdır. Bununla belə, balıq, süd məhsulları və ya yumurta qəbul edən vegetarianların 100 yaşına qədər yaşamaq ehtimalı ət yeyənlərlə eyni olub.
Alimlər bunu yaş artdıqca orqanizmdə əzələ kütləsinin sürətlə azalması ilə izah edirlər. 60–70 yaşdan sonra yaşlı insanların hər kiloqram çəkiyə düşən zülal ehtiyacı gənclərlə müqayisədə daha çox olur. Bu isə yıxılma və sümük sınıqları riskini azaldır.
Tədqiqat müəlliflərinin sözlərinə görə, yaş artdıqca orqanizmin B12 vitamini, dəmir, sink və D vitaminini mənimsəməsi də çətinləşir. Buna görə də yaşlı vegetarianlarda qanazlığı və B12 vitamini çatışmazlığına daha çox rast gəlinir. Bu hallar beyin fəaliyyətinə mənfi təsir göstərir və orqanizmin ümumi tonusunu aşağı salır.
Araşdırmanın digər maraqlı nəticəsi artıq çəki ilə bağlıdır. Gənclər üçün arıq olmaq daha faydalı hesab edilsə də, 75–80 yaşdan yuxarı insanlarda cüzi artıq çəki qoruyucu amil sayılır. Əksinə, çəkinin normadan aşağı olması infeksiyalar, pnevmoniya və sümüklərin kövrəkliyi səbəbindən ölüm riskini artırır.
Dietoloqlar ət yeyənlərə toyuq, hinduşka, dovşan və yağsız mal əti kimi məhsullara üstünlük verməyi, kolbasa, sosiska və bekonun qəbulunu isə məhdudlaşdırmağı məsləhət görürlər. Əti qızartmaq əvəzinə sobada bişirmək, pörtlətmək və ya qaynatmaq daha məqsədəuyğundur.
Bitki mənşəli qidalanmaya üstünlük verənlərə isə mərci, noxud və lobya kimi paxlalıları tam taxıllı məhsullarla birlikdə qəbul etmək tövsiyə olunur. Bu, orqanizmin ehtiyac duyduğu əvəzolunmaz amin turşularının alınmasına kömək edir. Rasiona balıq, dəniz məhsulları, yumurta və süd məhsulları əlavə etmək də faydalıdır. Zərurət olduqda B12 vitamini və dəmir səviyyəsinə nəzarət edilməli, əlavələr həkim məsləhəti ilə qəbul olunmalıdır.
Dünyada uzunömürlülərin daha çox yaşadığı bölgələr arasında Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya adası və Yunanıstanın İkariya adası göstərilir. Bu ərazilərin sakinləri ciddi vegetarian pəhrizinə əməl etmirlər. Onlar əti nadir hallarda – ayda bir-dörd dəfə və ya bayramlarda yeyir, gündəlik qidalanmada isə balıq, paxlalılar, göyərti, qoz-fındıq və fermentləşdirilmiş məhsullara üstünlük verirlər.
