Bir iş yerində neçə il işləmək məsləhətdir?

İş yerinə sadiqlik müsbət xüsusiyyət hesab olunsa da, eyni vəzifədə həddindən artıq uzun müddət qalmaq karyera inkişafına mənfi təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, müəyyən mərhələdən sonra yeni iş imkanlarını dəyərləndirmək həm peşəkar inkişaf, həm də gəlir baxımından daha faydalı ola bilər. Bəs bir iş yerində nə qədər işləmək artıq risk sayılır?

Allen Recruitment” şirkətinin təhlilinə görə, bir vəzifədə 5 ildən artıq qalmaq əksər peşələr üçün optimal hesab edilmir. Bununla belə, bu müddət çalışılan sahədən, şirkətdə irəliləmə imkanlarından və şəxsi karyera məqsədlərindən asılı olaraq dəyişə bilər.

Ekspertlər qeyd edirlər ki, eyni vəzifədə uzun müddət işləmək işçinin peşəkar inkişafını zəiflədə, yeni bacarıqlar əldə etməsini məhdudlaşdıra və əmək bazarında rəqabət qabiliyyətini azalda bilər. Xüsusilə texnologiyaların sürətlə dəyişdiyi dövrdə yenilikləri izləməyən əməkdaşların geridə qalmaq riski artır.

Araşdırmada bildirilir ki, iş yerini dəyişməyin vaxtının çatdığını göstərən əsas əlamətlər bunlardır:

  • yeni bilik və bacarıqlar qazanmamaq; 
  • maaşın uzun müddət artmaması; 
  • vəzifə yüksəlişi və yeni məsuliyyətlərin olmaması; 
  • işdən narazı qalmaq, lakin dəyişiklikdən çəkinmək. 

Mütəxəssislərin fikrincə, bir şirkətdə uzun müddət vəzifə dəyişikliyi olmadan qalmaq işəgötürəndə əməkdaşın mövcud vəziyyətdən razı olduğu təəssüratı yarada bilər. Halbuki yeni işə keçid həm maaş artımı, həm də daha geniş karyera imkanları təqdim edə bilər.

“Allen Recruitment” namizədlərə iş bazarına çıxmazdan əvvəl CV-lərini yeniləməyi, peşəkar əlaqələrini genişləndirməyi, maraqlandıqları şirkətləri araşdırmağı və müsahibələrə əvvəlcədən hazırlaşmağı tövsiyə edir.

Şirkətin qənaətinə görə, karyera inkişafını davam etdirmək istəyən şəxslər üçün ən vacib məsələ uzun müddət eyni vəzifədə qalmaq deyil, yeni bacarıqlar qazanmaq və inkişaf imkanlarını vaxtında qiymətləndirməkdir./Valyuta.az/

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.