Məhkumluğu olan miqrantların Rusiyada yaşamasına qadağa qoyulacaq

Rusiya Dövlət Duması hökumətin hazırladığı qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib. Yeni qanuna əsasən, üzərindən məhkumluğu götürülməmiş və ya məhkumluğu ödənilməmiş əcnəbilərə Rusiya vətəndaşlığı, müvəqqəti yaşamaq icazəsi (RVP) və daimi yaşayış icazəsi (VNJ) verilməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Hazırkı qanunvericiliyə əsasən, qəsdən törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərə vətəndaşlıq verilmir, müvəqqəti və daimi yaşayış icazəsi isə yalnız ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş əcnəbilər üçün məhdudlaşdırılırdı.

Yeni qanun bu qaydaları sərtləşdirir. Belə ki, istənilən cinayətə görə üzərindən məhkumluğu götürülməmiş və ya ödənilməmiş şəxslərə vətəndaşlıq, RVP və VNJ verilməyəcək. Əgər həmin sənədlər əvvəllər təqdim edilibsə və sonradan şəxsin ödənilməmiş məhkumluğu aşkar olunarsa, onlar ləğv ediləcək.

Bununla yanaşı, qanunda qeyd olunur ki, bu tələblər Rusiyada qaçqın statusu alan və ya siyasi sığınacaq verilən əcnəbilərə şamil edilməyəcək.

Yeni qaydalara əsasən, RVP və ya VNJ almaq üçün müraciət edən əcnəbilər yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş, məhkumluğun olmamasını və ya mövcud cinayət məsuliyyəti barədə məlumatı əks etdirən arayışı da təqdim etməli olacaqlar. Bu sənəd müraciətdən ən geci üç ay əvvəl verilməlidir.

Birdən çox vətəndaşlığı və ya müxtəlif ölkələrdə yaşayış icazəsi olan şəxslər isə hər bir ölkə üzrə ayrıca arayış təqdim etməlidirlər.

Bu tələb 14 yaşdan kiçik uşaqlara, Rusiyada qaçqın statusu və ya siyasi sığınacaq alan şəxslərə, həmçinin Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etmiş və ya xidmət edən əcnəbilərə şamil olunmayacaq.

Qanun Rusiya Prezidenti tərəfindən imzalandıqdan 180 gün sonra qüvvəyə minəcək. Həmin tarixədək təqdim edilmiş müraciətlər isə əvvəlki qaydalara uyğun şəkildə baxılacaq və müraciət edənlərdən əlavə məhkumluq arayışı tələb olunmayacaq.

N. Talıbov

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.