Rusiyada aktivlərin müsadirəsi ilə bağlı səs-küylü hadisələr ölkənin varlı təbəqəsində narahatlığı artırıb. Rusiya elitası dövlətin onların sərvətlərinə əl qoya və ya maliyyə vəsaitlərini itirə biləcəklərindən ehtiyat edir.
Azpost.info bildirir ki, bu barədə Bloomberg agentliyi mənbələrə və sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, son vaxtlar bir neçə rusiyalı milyarder bank sektorundakı vəziyyətlə bağlı narahatlıqlar fonunda əlavə aktivlərini Rusiyadan çıxarıb.
Agentliyin mənbələrinin sözlərinə görə, son bir il ərzində Rusiyanın ən varlı şəxslərinin bir hissəsi investisiya portfellərinin strukturunu dəyişib. Xüsusilə son aylarda bu proses sürətlənib və onlar vəsaitlərini aşağıdakı istiqamətlərə yönəltməyə başlayıblar:
kriptovalyutalara;
qızıla;
xarici ölkələrdə daşınmaz əmlaka;
özəl investisiya fondlarına, xüsusilə də Fars körfəzi ölkələrində fəaliyyət göstərən fondlara.
Bloomberg yazır ki, rusiyalı milyarderlərin kapitalı ölkədən çıxarma üsulları da dəyişib. Onlar həm Qərbin sanksiyalarını, həm də Kremlin nəzarətini aşmaq üçün yeni yollar axtarırlar.
Məqalədə qeyd olunur ki, Dubay kriptovalyuta mərkəzi kimi mövqeyini gücləndirdiyi üçün rusiyalı elitanın müxtəlif yurisdiksiyalar arasında vəsait köçürməsində əsas istiqamətlərdən birinə çevrilib.
Bundan əlavə, qeyri-rəsmi maliyyə marşrutlarının Ermənistan, Qazaxıstan və Qırğızıstan üzərindən də getdikcə daha çox istifadə olunduğu bildirilir.
S.Abdulla