2026-cı ilin ilk yarısında Azərbaycanda qızıl hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar–iyun aylarında ölkədə 1 316,5 kiloqram qızıl hasil edilib.
Eyni dövrdə gümüş hasilatı da 6,9 faiz azalaraq 1 808,2 kiloqrama düşüb.
Bununla yanaşı, mis konsentratı istehsalında kəskin artım qeydə alınıb. Yanvar–may ayları üzrə dəqiqləşdirilmiş göstəricilərə əsasən, istehsal həcmi 8 831,3 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.
Anbar ehtiyatları
İyulun 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 168,8 kiloqram qızıl, 534,1 kiloqram gümüş, 1 632,1 ton mis konsentratı qalıb.
Qızıl ixracı rekord səviyyəyə yüksəlib
Bundan əvvəl açıqlanan statistikaya görə, Azərbaycan 2026-cı ilin yanvar–iyun aylarında 23,8 tona yaxın qızıl ixrac edib. İxracın ümumi dəyəri 3 milyard 636 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 dəfə, həcm baxımından isə 13,6 dəfə çoxdur. Azərbaycan qızılının əsas ixrac bazarı Böyük Britaniya olub.
Eyni zamanda, hesabat dövründə ölkəyə 89,2 kiloqram qızıl idxal edilib. İdxalın ümumi dəyəri 14,9 milyon dollar təşkil edib.
Qızılın əsas tədarükçüləri isə Türkiyə, İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri olub.
S.Abdulla