Donald Tramp və Vladimir Putin arasında əldə olunmuş razılaşma çərçivəsində ABŞ-a çatdırılmalı olan Rusiya dizel yanacağı partiyaları artıq bir neçə həftədir Amerika şirkətlərinə təklif edilir. Lakin indiyədək heç bir şirkət bu yanacağın alıcısı olmağa razılıq verməyib.
Bu barədə enerji sektorunun nümayəndələri və analitiklər yeni yaradılmış “The Washington Sun” qəzetinə danışıblar. Nəşr “The Washington Post” qəzetində kütləvi ixtisarlar nəticəsində işini itirmiş jurnalistlər tərəfindən təsis edilib.
Tramp administrasiyası biznes nümayəndələrini bu razılaşmada iştirak etməyə inandırmağa çalışır. Lakin şirkətlər mümkün qədər bu işdən uzaq durmağa üstünlük verirlər.
“Wall Street” treyderi aparıcı enerji şirkətlərinin nümayəndələri ilə söhbətlərinə istinadən nəşrə bildirib:
“Heç kim bu məsələyə qarışmaq istəmir. Çünki Konqresin növbəti sessiyasında nələrin baş verəcəyindən qorxurlar. Heç kim uzunmüddətli məhkəmə çəkişmələrinə və ya silsilə araşdırmalara cəlb olunmaq istəmir. Bu hadisə isə məhz belə bir vəziyyətin klassik nümunəsinə bənzəyir”.
Gözlənilir ki, noyabrın 3-də keçiriləcək seçkilərdən sonra demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə edəcəklər. Onların Senata da nəzarəti ələ keçirməsi mümkündür.
Demokratlar artıq bu razılaşma ilə bağlı araşdırma aparacaqlarını vəd ediblər. Onlar banklardan və limanlardan Rusiya dizel yanacağı ilə bağlı əməliyyatlara dair bütün sənədləri qoruyub saxlamağı tələb ediblər.
Demokratlar, eləcə də bəzi respublikaçılar Rusiya dizelinin alınmasının 2022-ci ildə qəbul edilmiş və Rusiya enerji resurslarının idxalını qadağan edən qanunu pozduğunu bildiriblər. “The Washington Sun” qəzetinin mənbələrinin sözlərinə görə, şirkətlərin riskə getmək istəməməsinin səbəblərindən biri də budur.
Analitiklərdən biri nəşrə bildirib: “Həm Moskva, həm də Vaşinqton bu yüklərin qəbul edilməsi üçün şirkətlərə ciddi təzyiq göstərir. Hətta əhəmiyyətli endirimlər də təklif olunur. Lakin şirkətlər reputasiya və hüquqi risklərdən ehtiyat etdikləri üçün güclü müqavimət göstərirlər”.
Hazırda Baltik dənizindəki Primorsk limanında ümumilikdə 140 min ton dizel yanacağı yükləmiş üç tanker ABŞ istiqamətində hərəkət edir.
Tankerlərdən biri əvvəlcə təyinat limanı kimi Nyu-Yorku göstərib. Lakin gəminin sahibi “Financial Times” qəzetinə bildirib ki, hazırda tanker boşaldılacağı liman hələ təsdiqlənmədiyi üçün göstəriş gözləyir.
Digər iki tanker isə hərəkət istiqamətini “Atlantik sahili, göstəriş gözlənilir” kimi göstərir.
Onlardan biri Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın, digəri isə Avropa İttifaqı və ABŞ-ın sanksiyaları altındadır.
S. Abdulla
