Evinizi lazımsız əşyalardan təmizləyin –İnsanların ata bilmədiyi 7 əşya

Bir çox insan istifadə etmədiyi əşyaları illərlə evində saxlayır. Bu vərdiş mənzildə qarışıqlıq yaradır, stressi artırır və yeni əşyalar üçün yer tapmağı çətinləşdirir. Buna baxmayaraq, insanların çoxu vaxtı keçmiş və ya artıq lazım olmayan əşyalardan ayrılmağa psixoloji səbəblərə görə çətinlik çəkir.

Bu barədə jurnalist Lili Bell YourTango nəşrində yazıb.

Mütəxəssislərin fikrincə, insanların lazımsız əşyaları saxlamağa davam etməsinin əsas səbəbi onları atmağın israfçılıq kimi görünməsidir. Xüsusilə ekoloji problemlərin gündəmdə olduğu bir dövrdə bir çoxları tullantıları artırmaq istəmir.

Psixoloqların fikrincə, insanlar ən çox aşağıdakı 7 kateqoriyaya aid əşyaları ata bilmirlər.

1. Qalan yeməklər

Qida məhsullarını atmaq bir çox insanda günahkarlıq hissi yaradır. Bunun səbəbi dünyada milyonlarla insanın aclıqdan əziyyət çəkməsi ilə bağlı məlumatlardır. Lakin mütəxəssislər xatırladırlar ki, hazır yeməklər soyuducuda cəmi 3–4 gün, dondurucuda isə təxminən 3–4 ay saxlanılmalıdır. Daha uzun müddət saxlanılan qidalar sağlamlıq üçün təhlükəli ola bilər.

2. Köhnə məktublar və açıqcalar

İnsanlar bu əşyaları keçmişlə emosional bağlarını itirmək istəmədikləri üçün saxlayırlar.

3. Ölçüsü uyğun gəlməyən və ya zədələnmiş geyimlər

Bəziləri arıqlayacağını düşündüyü, digərləri isə tullantıları azaltmaq istədiyi üçün köhnə paltarları illərlə saxlayır. Psixoloqlar istifadə olunmayan geyimləri xeyriyyə təşkilatlarına verməyi və ya satmağı daha faydalı hesab edirlər.

4. Köhnə kabellər və enerji doldurucuları

“Bir gün lazım olar” düşüncəsi nəticəsində evlərdə istifadəsiz naqillər və adapterlər yığılır. Mütəxəssislər köhnə elektron avadanlıqları və kabelləri xüsusi təkrar emal məntəqələrinə təhvil verməyi tövsiyə edirlər.

5. Oxunmuş kitablar

Kitab qiymətlərinin bahalaşması səbəbindən bir çox insan artıq oxuduğu kitabları da saxlayır. Alternativ olaraq onları kitabxanalara bağışlamaq və ya satmaq mümkündür.

6. Köhnə sənədlər və qəbzlər

İllərlə yığılan sənədlər və ödəniş qəbzləri evdə əlavə qarışıqlıq yaradır və psixoloji gərginliyi artırır. Mütəxəssislər vacib sənədlərin ayrıca qovluqda saxlanılmasını, lazımsız olanların isə məhv edilməsini tövsiyə edirlər.

7. Yarımçıq qalan hobbilərin ləvazimatları

Qurumuş boyalar, köhnə kətanlar, əl işləri üçün materiallar və digər hobbi ləvazimatları çox vaxt “bir gün yenidən başlayaram” ümidi ilə saxlanılır. Lakin psixoloqlar bildirirlər ki, uzun müddət istifadə olunmayan bu əşyalar sadəcə evdə yer tutur.

Psixoloqlar nə tövsiyə edir?

Mütəxəssislərin fikrincə, evdə yalnız həqiqətən istifadə olunan və ya emosional dəyəri yüksək olan əşyaları saxlamaq lazımdır. Digər əşyaları isə xeyriyyə məqsədilə bağışlamaq, satmaq və ya təkrar emala vermək həm evdə səliqə yaradır, həm də stressi azaldır.

N. Talıbov

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.