ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin İrana silah satmayacaqlarına dair ona söz verdiklərini açıqlayıb.
Tramp bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Pekində Çin lideri Si Cinpinlə keçirdiyi son görüş zamanı İrana silah tədarükü məsələsi də müzakirə olunub. ABŞ Prezidenti bildirib ki, Si Cinpin ona nə Çin dövlətinin, nə də Çin şirkətlərinin heç bir halda İrana silah satmayacağını deyib.
“Aramızdakı münasibətləri nəzərə alaraq, onun sözünə inanıram. Bundan başqa, mən də onun üçün çox böyük yaxşılıqlar edirəm”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti əlavə edib ki, Rusiya ilə Ukrayna arasında müharibə davam etsə də, Rusiya Prezidenti Vladimir Putin də ona İrana silah satmayacağını bildirib.
Tramp paylaşımında ABŞ-ın Ukraynaya silah tədarükü ilə bağlı da açıqlama verib. O qeyd edib ki, Vaşinqton silahları birbaşa Ukraynaya deyil, NATO ölkələrinə satır. Onun sözlərinə görə, həmin ölkələr silahların dəyərini tam ödəyir və sonradan bu silahların necə bölüşdürülməsi ABŞ tərəfindən idarə olunmur.
“İranla bağlı adları ən çox hallanan iki böyük ölkə, mənim fikrimcə, bu prosesdə iştirak etmir. Əgər iştirak etsəydilər, bu onlar üçün çox pis olardı. Bu, qətiyyən onların maraqlarına uyğun deyil”, – Tramp vurğulayıb.