1969-cu ildə ekranlara çıxan “Şərikli çörək” filmi Azərbaycan kinosunun ən yaddaqalan ekran əsərlərindən biri hesab olunur. Aradan yarım əsrdən çox vaxt keçsə də, film bu gün də televiziya kanallarında nümayiş olunur, yeni nəsil tamaşaçılar tərəfindən maraqla izlənilir.
Filmin ən yaddaqalan obrazlarından biri isə Vaqif idi. Bu rolu canlandıran balaca Kamran Rəcəbli illər sonra tamamilə fərqli həyat yolu seçdi. O, aktyorluqdan uzaqlaşaraq elmə üz tutdu və hazırda ABŞ-da yaşayan tanınmış enerji mütəxəssisi və professordur.
Bir təsadüf onun həyatını dəyişdi
Kamran Rəcəbli 1960-cı ildə Bakıda anadan olub. Onun kinoya gəlişi planlaşdırılmış seçim deyil, təsadüf nəticəsində baş verib.
O, sonralar verdiyi müsahibələrdə danışıb ki, bir gün anası ilə Bakının məşhur “Torqovı” küçəsində gəzərkən rejissor Şamil Mahmudbəyov onu görüb. Rejissor balaca Kamranın simasını filmdə yaratmaq istədiyi Vaqif obrazına uyğun hesab edib və çəkilişlərə dəvət edib.
Beləliklə, təsadüfi görüş Azərbaycan kino tarixinin ən sevilən uşaq obrazlarından birinin yaranmasına səbəb olub.

Dörd filmdə çəkildi
“Şərikli çörək” Kamran Rəcəblinin ən məşhur işi olsa da, o, bununla kifayətlənməyib.
O, “Torpaq. Dəniz. Od. Səma”, “Skripkanın sərgüzəşti” və “Qara gölün cəngavərləri” filmlərində də müxtəlif uşaq rollarını canlandırıb.
Buna baxmayaraq, gələcəyini kinoda deyil, elmdə gördü.
Alimlər ailəsində böyüdü
Kamran Rəcəblinin elmə üz tutması təsadüfi deyildi.
O, elm ənənələrinin hökm sürdüyü ailədə böyüyüb. Nənəsi fizika-riyaziyyat elmləri namizədi, atası texnika elmləri namizədi, anası isə tibb elmləri namizədi idi.
Babası isə Azərbaycanın tanınmış alimlərindən, akademik Əhməd Rəcəbli idi. Bu gün Bakıda onun adını daşıyan küçə var.
16 yaşında Moskvaya yollandı
Orta məktəbi bitirdikdən sonra Kamran Rəcəbli cəmi 16 yaşında Moskvaya təhsil almağa gedib.
O, Moskva Energetika İnstitutunda ali təhsil alıb və 1985-ci ildə texniki elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edib.
Sonra Bakıya qayıdaraq Azərbaycan Neft-Kimya İnstitutunda müəllim işləyib.

Kanada və ABŞ-da elmi karyera
1989-cu ildə SSRİ Ticarət Palatasının proqramı ilə Kanadaya ezam olunub. Daha sonra burada fəaliyyətini davam etdirib.
Səkkiz ildən sonra ABŞ-a köçərək Kaliforniyanın San-Dieqo şəhərində yaşamağa başlayıb.
Bu gün Kamran Rəcəbli enerji sistemləri, elektrik şəbəkələrinin avtomatlaşdırılması və rəqəmsal idarəetmə sahəsində tanınmış mütəxəssis kimi fəaliyyət göstərir. O, ABŞ-ın müxtəlif iri şirkətlərində məsləhətçi işləyib və professor kimi də fəaliyyət göstərib.
Azərbaycandan bağını üzməyib
Xaricdə yaşamasına baxmayaraq, Kamran Rəcəbli Azərbaycanla əlaqələrini qoruyub.
O, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi enerji layihələrində iştirak edib, “Azərenerji” və “Azərişıq” ASC-də dispetçer idarəetmə sistemlərinin (SCADA) avtomatlaşdırılması layihələrinin hazırlanması və tətbiqində çalışıb.
Bir müddət Bakıda yaşayaraq bu layihələrin icrasında bilavasitə iştirak edib.
Dörd övlad atasıdır
Kamran Rəcəblinin dörd övladı var.
Birinci nikahından olan oğlu ABŞ-da diş həkimi kimi çalışır. İkinci həyat yoldaşı Olqa ilə üç övladı var. Ailəsi ilə birlikdə uzun illərdir ABŞ-da yaşayır.
Kino tarixində yaşayan Vaqif
Kamran Rəcəbli cəmi bir neçə uşaq rolunda çəkilsə də, onun yaratdığı Vaqif obrazı Azərbaycan kinosunun klassik simalarından biri olaraq qalır.
Yarım əsrdən çox vaxt keçsə də, “Şərikli çörək” hər dəfə nümayiş olunanda tamaşaçılar həmin balaca oğlanı yenidən görürlər. Lakin çoxları bilmir ki, o uşaq sonradan aktyor deyil, professor olub və bu gün dünyanın aparıcı enerji layihələrində çalışan azərbaycanlı mütəxəssislərdən biridir.
X.SƏFƏRLİ





